DİQQƏT! Kondisioner xəstəlik mənbəyi ola bilər – VİDEO
Sosial 953

DİQQƏT! Kondisioner xəstəlik mənbəyi ola bilər – VİDEO

DİQQƏT! Kondisioner xəstəlik mənbəyi ola bilər – VİDEO


Yay fəslində havalar isti keçdiyindən kondisionerə tələbat artır.

ARB 24 xəbər verir ki, kondisionerdən istifadə edərkən normalara riayət etmədikdə orqanizmdə ağır fəsadlarla nəticələnən xəstəliklər meydana gələ bilər

Ağababa Hüseynov – Sakin: “Kondisioner altında yatdım, ayıldım gördüm ki, belimdə ağrılar var. Əyilmək olmur. Bir az masaj elədim, keçdi getdi. Çox işlətmək zərərlidir. Otağın temperaturu normallaşdı, söndürmək lazımdır”.

Ağababa Hüseynov da yayın istisində sərinləməyin yolunu kondisionerdən istifadədə görənlərdəndir. Amma bu, ona baha başa gəlib. Düzgün yararlanmamaq sağlamlığına zərər vurub. Belə hallarla rastlaşmamaq üçün mütəxəssislər kondisioner istifadə edənlərin bəzi nüanslara diqqət yetirməsinin vacib olduğunu deyirlər.

Maarif Mürsəlov – Mütəxəssis: “Əsasən otaqda olan adamların sayına və pəncərələrin kvadratlarına görə kondisioner seçilməlidir. Sərfəli olan “İnventor” tipi kondisionerlərdi. Enerjiyə 70 faizədək qənaət edir”.

Ekspertlər bildirirlər ki, optimal otaq temperaturu 24-26 dərəcə hesab edilir. Tez bir zamanda sərinləmək istəyən insanın üzərinə soyuq havanı yönəltməsi yanlışdır. Əksinə hava axınını istiqamətləndirən yelpiyi tavana tərəf qaldırmaq lazımdır.

Maarif Mürsəlov – Mütəxəssis: “Mənfi cəhət odur ki, bəziləri bilərəkdən, ya da bilməyib temperaturu salır 18 dərəcəyə kimi. Bu da düz deyil. Çöllə ev temperaturu arasında 8-10 dərəcə fərq olmalıdır. Yəni çöldə temperatur 40 dərəcədirsə, evdə olmalıdır 28 dərəcə”.

Həkimlər sərinləmək istəyənlər üçün kondisionerlərin faydası ilə yanaşı, zərərlərinin də olduğunu bildirirlər. Xüsusilə xroniki xəstəlikləri, boyun və baş ağrıları olanlar diqqətli olmalıdırlar. Çünki soyuq hava kütləsi həmin əzələlərin ağrımasına səbəb olur.

Röyanə Quluzadə - Həkim: “Xüsusilə böyrəklərin iltihabi xəstəlikləri olan, ağciyərin iltihabi xəstəlikləri olan, bronxit, bronxial astma olan insanlar kondisioner altında yatanda və ya uzun müddət vaxt keçirdikdə bu xəstəliklərdə ağırlaşmalar görürük. Bu insanlar kondisionerlərdən qaçmalıdırlar. Tənəffüs sistemi xəstəlikləri olanlar ehtiyatlı olmalıdırlar”.

Mütəxəssislərin sözlərinə görə, yaşlı və ya gənc olmasından asılı olmayaraq, kondisioner bütün insanlarda fəsadlara səbəb ola bilər. Odur ki, tövsiyələrə əməl etmək lazımdır.

Ağababa Hüseynov – Sakin: “Cavanlara tövsiyə edirəm ki, ehtiyatlı olsunlar. Cavanam, heç nə olmaz deməyin, qocalanda üzə çıxır”.

Ekspertlər insanlara kondisioneri işlədərkən saata uyğun olaraq özlərinə müəyyən cədvəl hazırlamağı məsləhət görürlər. Yəni, fasilələrlə otağı sərinlətmək məqsədə uyğun hesab edilir. Belə olan halda həm cibinizin, həm də sağlamlığınızın qayğısına qala bilərsiniz.



Son xəbərlər