Avtomobilin təkrar qeydiyyatı
Avtomobil 979

Avtomobilin təkrar qeydiyyatı



Bu gün bir çox sürücülər təkrar qeydiyyatla bağlı sorğular ünvanlayır və hər birinin özünəməxsus, unikal sualları olur. Bəri başdan bildiririk ki, situasiyalar fərqli olsa da, təkrar qeydiyyat eyni prosesdir. Beləliklə...




Nəqliyyat vasitələrinin qeydiyyatı «Yol Hərəkəti Haqqında» qanun və «Nəqliyyat vasitələrinin qeydiyyatı» haqqında Nazirlər Kabinetinin qərarı ilə nizamlanır. Və indi situasiya olaraq sizə təkrar qeydiyyatın xüsusiyyətlərini izah edəcəyik.

1-ci situasiya: 
Siz avtomobili etibarnamə ilə idarə edirsiniz və bu nəqliyyat vasitəsini öz adınıza keçirməyi arzulayırsınız. Həmin avtomobil isə qeydiyyatda olduğunuz ərazi üzrə qeydiyyatdadır.

Bu zaman sizin iki çıxış yolunuz var. Ya siz avtomobili satan şəxslə alqı-satqı müqaviləsi bağlamalı, ya da etibar etdiyiniz bir insana bu avtomobili bağışlamalı və ya satmalısınız.

Məsləhət görürük ki, avtomobili alqı-satqı müqaviləsi ilə elə ilk vaxtdan adınıza keçirəsiniz. Əgər satan şəxsin sizə alqı-satqı müqaviləsi verməyə vaxtı yoxdursa, onda bir müddət etibarnamə ilə avtomobili idarə edə bilərsiniz. Amma unutmayın, sonradan problem yaşamamaqdan ötrü maşını adınıza keçirməyi yubatmamalısınız.

Bunun üçün ilk növbədə satan şəxslə avtomobilin qeydiyyatda olduğu DYP İmtahan-Qeydiyyat şöbəsinə müraciət etməniz lazımdır. Orada kassada rəsmi olaraq:

  1. -17 man – Qeydiyyat şəhadətnaməsi üçün-22man – Qeydiyyat nişanı üçün-20 man – Texniki baxış rüsumu (avtomobil texniki baxışdan keçməyibsə)
  2. >

Məsələn: 2014-cü ilin avtomobilini almısınız və qeydiyyat əməliyyatı zamanı hesablanır ki, sizin texniki baxışınız 2019-cu ildədir. Bu zaman texniki baxışa ehtiyac yoxdur. Və ya istehsal ili 2012-ci il olan avtomobil alırsınız. Onun Növbəti texniki baxış ili 2019-cu ildir. Bu zaman texniki baxışa ehtiyac yoxdur. Və ya avtomobil almısınız 2002-ci ilin və bu avtomobilin texniki baxışı hər ildir. O zaman siz avtomobili qeydiyyata qoyan zaman texniki baxış müddəti çatırsa eyni anda texniki baxışdan keçəcəksiniz. Yox əgər, 2002-ci ilin avtomobili bu ilin yanvarında texniki baxışdan keçiriblər və bu avtomobili siz bu ilin aprelində alırsınız. O zaman texniki baxışa ehtiyac yaranmayacaq.

Texniki baxış zamanı nəqliyyat vasitəsinin bu Qanuna 1 saylı Əlavənin I və II hissələrində göstərilən nasazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilir və daimi uçota alınır.
-10 man - Uçot-qeydiyyat əməliyyatına görə ödəməlisiniz.

Hər bir ödəniş üçün ayrıca qəbziniz olmalıdır. Daha sonra alqı-satqı müqaviləsi bağlamalısınız.



Bunun üçün sizə lazımdır:
- Avtomobilin qeydiyyatdan çıxarılması ilə bağlı ərizə (satan şəxs verir)
- Avtomobilin qeydiyyata alınması ilə bağlı ərizə (alan şəxs verir)
- Alqı-satqı müqaviləsi
- Şəxsiyyəti təsdiq edən sənəd
- Ödənişləri təsdiqləyən qəbzlər
Əgər avtomobilin sahibi dövlət qeydiyyat nişanına sahiblik iddiası etmirsə, bu zaman dövlət qeydiyyat nişanı dəyişdirilməyə də bilər.
YHQ – 29-cu maddə, 3-cü bənd: Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir. Beləliklə, 45 dəqiqə ərzində avtomobil hüquqi cəhətdən sizə məxsus olacaq.

2-ci situasiya:
Avtomobil ayrı bir ərazidə, siz isə digər ərazidə eydiyyatda olduğunuz (məsələn, avtomobil Bakıda, siz isə Beyləqanda qeydiyyatdasınız) zaman qeydiyyat necə aparılır? Siz avtomobilin qeydiyyatı üzrə DYP QİM-nə getmirsiniz. Satan şəxslə alqı-satqı müqaviləsi bağlayırsınız. Qeydiyyatda olduğunuz ərazi üzrə qeydiyyat əməliyyatı aparıldıqda avtomobil köhnə qeydiyyat ərazisindən avtomatik şəkildə çıxmış hesab olunur. Bu zaman yuxarıda sadalanan rüsumları da ödəməlisiniz.

3-cü situasiya:
Siz satan şəxsi tanımırsınız və ya onunla əlaqəniz kəsilib. Bu zaman siz avtomobili satan şəxs qismində iştirak edirsiniz (əgər baş etibarnamə sizə bu hüququ verirsə). Alqı-satqı müqaviləsini (bağışlanma müqaviləsi də ola bilər) yaxın bir adamınızla bağlayırsınız. Bu situasiyada da sadalanan rüsumlar ödənilir və həmin avtomobil o şəxsin adına keçir. Daha sonra eyni qaydada, bu dəfə qeydiyyat şəhadətnaməsini alan şəxs sizə alqı-satqı müqaviləsi (bağışlanma müqaviləsi də ola bilər) verməklə maşın adınıza keçir. Burada qeydiyyat rüsumları təkrarən ödənilməlidir.

4-cü situasiya:
Avtomobili satan şəxs həyatdan köçüb. İlk olaraq bunu bilməlisiniz ki, etibarnamə verən fiziki şəxsin ölməsi həmin etibarnamənin hüquqi qüvvəsinə xitam verir. Bu zaman sizə həmin şəxsin avtomobilə aid olan vərəsəsini tapmaq lazımdır. Vərəsəlik arayışı olan şəxslə yenə eyni qaydada müqavilə imzalayaraq avtomobili adınıza keçirə bilərsiniz. Rüsumlar yenə dəyişməz olaraq qalır.Sizə belə “həngamə” lazım deyilsə, məsləhət gördüyümüz kimi, elə öncədən alqı-satqı müqaviləsi bağlayın ki, işiniz rahat olsun.

Son xəbərlər