17
января
2018
19:04
Avtobus sürücüsünü döyən general oğluna 4 il iş verildi
Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
BAKU.WS APA-ya istinadən xəbər verrir ki, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən P. Abbasov son söz deyib, məhkəmədən bəraət istəyib. Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub.
Hökmə əsasən, R. Orucov 1 il 6 ay avtomobil idarəetmə hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Kənan Vəliyev və Pərviz Abbasovun hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Onlar məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, prokuror R. Orucovun 6 il, digər təqsirləndirilən şəxslərin hər birinin isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir ki, ötən il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı, 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.
R. Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin keçmiş rəisi, general Novruzəli Orucovun oğludur. N. Orucov hadisədən sonra tutduğu vəzifədən azad edilib.