02
июля
2016
12:05
Aqil Abbas: “Anam da həkimin əlində dünyasını dəyişdi, həkimi tutdurmalıydım?”
81 yaşlı cərrah Cəfər Quliyev ətrafında ittihamlar səngimək bilmir. 1981-ci il təvəllüdlü xəstə Lumu Veyisovanın ölümünə həkimin səbəbkar olması söylənilir.
May.Az məlumat verir ki, Milli Məclisin deputatı Aqil Abbas Modern.az-a açıqlamasında həkim barəsində səslənən ittihamlara münasibət bildirib.
"Həm sosial şəbəkələrdə, həm də saytlarda Cəfər həkim haqqında nə gəldi yazırlar. Başa düşürəm ki, cavan insan ölüb. Lap yaşlı insan olsun. Həyat itkisidir. O ailənin halına yanıram. Acısını anlayıram. Allah ölənə rəhmət eləsin! Sadəcə, başqa məsələyə toxunmaq istəyirəm. Həkim barəsində önyarğıya başlayıblar. Halbuki, ekspertiza sübut edə bilər ki, xəstənin həyatını itirməsinə səbəb Cəfər həkimdir, yoxsa, xəstə həyatını itirmək üzrə imiş?!. Xəstəni həkimə çatdıranda elə vəziyyətdə imiş. Cəfər həkim başda olmaqla həkimlər allahın bacısı oğlu deyillər. Həkim əzraillə çarpışır.
Cəfər həkimi insan kimi, ziyalı kimi, vətənpərvər kimi çox yaxşı tanıyıram. Cəfər həkimi Azərbaycanda tanımayan şair, yazıçı, sənət adamı yoxdur. Bütün ömrünü bu işə həsr edib. İndiyə qədər 5000-dən çox insanın həyatını xilas edib. Çox halal insandır. Pulda, malda gözü olmayan həkimdir”.
Aqil Abbas həkimin deputat Fərəc Quliyevlə adının hallanmasına sərt münasibət bildirib.
"Bu qədər də önyarğılamaq olmaz axı!. Bir məsələyə də toxunmaq istəyirəm. Deyirlər ki, Cəfər həkim deputatın əmisidir. Kimdir Fərəc Quliyev?! Düzdü, mənim dostumdur. Amma Cəfər həkim həkim olanda Fərəc Quliyev kənddə futbol oynayırdı. Hamı bunu qabardır. Halbuki, Cəfər həkim minlərlə insana həyat verən həkimdir. Hamı müstəntiq olub. Cəfər həkimin çox cavan oğlu rəhmətə gedib. Heç 30 yaşı yox idi. Övlad itirmiş atadır. Xəstəsini itirdiyinə görə onun nələr çəkdiyini bilirəm. Sumqayıtda hörməti olan insandır”.
Deputat həkimin yaşının çox olmasına da toxunub.
"Tez-tez yaşının çox olmasını qabardırlar. İnsanlar tələb edir, ona inanırlar. Gedib evindən gətirirlər. Nə olsun 81 yaşı var. İstəsə futbol da oynayar. Həkimin əlində anam dünyasını dəyişib. Onda o həkimi tutdurmalı idim?! Bacımın cavan yoldaşı ölüb. Sadəcə, demək istəyirəm ki, həkimin günahı varsa təslim olacaq. Amma insanların onu təhqir etməsinə lüzum yoxdur”.