28
ноября
2017
18:48
Göbək yarasına qulluq
Göbək yarasına qulluq Göbək ciyəsi düşdükdən sonra göbək nahiyəsində yara əmələ gəlir. Onun sağalması çox vacibdir. Çünki göbək müxtəlif infeksiyalar üçün giriş qapısı ola bilər. Buna ciddi yanaşmalısınız. Göbək yarası sağalana qədər xüsusi məhlullarla işlənilir: oksigen peroksidi (və ya kalium-permanqanatın 3%-li məhlulu – “marqansovka”) göbəyin içinə tökməli, sonra isə spirtli yod məhlulu ilə ( və ya brilliant yaşılı ilə – “zelyonka”) sürtülməlidir. Göbək yarası tam sağalana qədər uşağı çimizdirərkən yaranı yapışqan lentlə bağlamaq lazımdır ki, ona su dəyməsin. Düzgün qulluq edildikdə körpənin artıq 12-15 günlüyündə yara tamamilə yox olur. Göbək nahiyəsində dəri qızarırsa, çirk əmələ gəlirsə, qanaxma baş verirsə, sağalma gecikirsə, təcili həkimə müraciət etmək lazımdır. Bu halda körpə üçün təhlükəli olan omfalit xəstəliyi inkişaf edə bilər. Omfalit uşağın göbək yarasına infeksiya düşərkən yaranır. Bu xəstəliyin yüngül formasında yarada sadəcə qızartı və şişkinlik əmələ gəlir, ağır formasında isə göbəyin dibində göbələkvari toxumalar meydana çıxır. Omfalit vaxtında müalicə olundamdığı halda çox ağır fəsadlara, bəzən sepsisə (infeksiyanın qana keçməsi) və uşağın ölümünə də səbəb ola bilər.