Kamran Əliyev: "Bu avtomobilləri artıq yol polisi saxlamır"
Avtomobil 926

Kamran Əliyev: "Bu avtomobilləri artıq yol polisi saxlamır"

Kamran Əliyev: "Bu avtomobilləri artıq yol polisi saxlamır"


Son günlər avtomobilini sığorta etdirməmiş sürücülərə ardıcıl elektron protokolların gəlməsi narazılıqlar yaradıb. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, bəzi sürücülər sığorta etdirmədikləri nəqliyyat vasitəsinə görə ay ərzində iki protokol aldıqlarını bildiriblər.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev məsələ ilə bağlı bildirib ki, bu ilin iyun ayından etibarən avtonəqliyyat vasitələrini sığorta etdirməyən sürücülər barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlanılıb:
"Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən, sürücü avtomobilini sığortalatmayıbsa, bu nəqliyyat vasitələri yol hərəkətində iştiraka buraxılmamalıdırlar. Sığorta müqaviləsinin bağlanmamasına görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən, fiziki şəxslər əlli, vəzifəli şəxslər yüz, hüquqi şəxslər isə üç yüz manat məbləğində cərimə edilirlər. Hazırda foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə bu avtomobillər aşkar edilir. Elə buna görə də Baş DYP İdarəsi sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamış avtonəqliyyat vasitələrinin sahibləri barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlayıb”.

K.Əliyev əlavə edib ki, icbari sığortadan keçməmiş avtomobilləri artıq yol polisi saxlamır: "Onları elektron vasitələrlə müəyyən edirlər, Bundan sonra, protokollar tərtib edilir və ünvana göndərilir. Mövcud qanunvericiliyə əsasən, nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Lakin, həmin xətanın aşkarlandığı gündən hesablanaraq 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmazsa, hər verilən müddət keçdikcə avtonəqliyyat vasitəsinin sahibi barəsində inzibati xəta haqqında təkrar elektron protokollar tərtib ediləcək. Yəni 2 ay ərzində icbari sığortata müqaviləsi bağlamamış avtomobil sahibinə 3 dəfə ayrı-ayrılıqda cərimə protokolu gələ bilər və bu zaman ümumi cərimə məbləği 150 manat təşkil edəcək”.

Son xəbərlər