29
октября
2017
19:37
Bu gün bəzi kompüter və telefonların saatları avtomatik geri çəkilib - DƏQİQ VAXT
Bu gecə bir çox ölkələrdə saatların əqrəbləri bir saat geri çəkilib. Azərbaycanda isə yay vaxtının ləğv edilməsi səbəbindən bu proses baş tutmayacaq.
Lakin mart ayında bəzi elektron sistemlərdə vaxt avtomatik dəyişdiyindən real vaxtla uyğunluq təşkil etmirdi. Bu isə vətəndaşlarda çaşqınlıq yaradırdı. Bəs bu il bu problemlər təkrarlanmayacaq ki? Əməkdaşlarımız bu sualı nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyinin rəsmi nümayəndələrinə ünvanlayıblar.
Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli qərarına əsasən, yay vaxtının tətbiqi ləğv olunsa da, bu ilin mart ayında elektron sistemlərdə problemlər yaşanmışdı. Bir çox kompyuterin əməliyyat sistemləri və smartfonlarda saat rejimi avtomatik təyin edildiyindən vətəndaşlarda çaşqınlığa səbəb olmuşdu. Kimi dərsə, kimi isə işə gecikmişdi.
Saat fərqinə görə yaranan problemləri aradan qaldırmaq məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aparıcı əməliyyat sistemlərinə və yerli internet provayderlərinə müraciət göndərib. Artıq Azərbaycanda yay vaxtına keçid ləğv edildiyindən əməliyyat sistemləri də bu dəyişikliyi nəzərə alacaq.
Nazirlikdən verilən məlumata görə, beynəlxalq təcrübəyə əsasən, dünya üzrə vaxt zonalarının verilənlər bazası İANA adlandırılan İnternet Ünvanı Administrasiyası tərəfindən müəyyənləşdirilir. Və yay vaxtının ləğvi ilə bağlı qərara uyğun həmin sistemdə də dəyişiklik edilib. Sabah smartfonlarda və elektron cihazlarda vaxt fərqi olmayacaq. Bunun üçün isə sadəcə əməliyyat sistemində yeniləmə etmək kifayətdir.
Bu gecə isə yay vaxtına keçən bəzi ölkələrdə saatların əqrəbləri geri çəkiləcək. Ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji problemlərin yaranmasına və elektron sistemlərin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsinə səbəb olduğundan ötən il ləğv edilib.