29
сентября
2017
15:18
Sabah Influencer Day Baku tədbiri baş tutacaq
Son zamanların trendinə çevrilmiş influencer marketinqi gün keçdikcə daha çox marağa səbəb olur.
Həm sosial media istifadəçiləri, həm də markalar zamanın nəbzini tutmaq üçün bu sahəyə üz tuturlar. Bir çox ölkələrdə bu sahə yetərincə inkişaf edib. Hətta bəzilərində influencerlərin bir araya toplaşaraq müntəzəm keçirdiyi tədbirlər ənənə halını alıb. Onlar sosial layihələrdə, markaların təşkil etdiyi tədbirlərdə iştirak edərək maraqlı müzakirələr aparır.
Orta Asiya və Qafqaz regionunu əhatə edən ilk və yeganə influencer platforması olan Keepface bu sahədə birinci tədbirini sabah Dreamland-də keçirəcək. Hələ baş tutmamış, mediada haqqında yayılan xəbərlər, qonaqların sosial mediadakı paylaşımları tədbirin geniş marağa səbəb olduğunu göstərir. Azərbaycanda yerləşən bir çox yerli və qlobal şirkət rəhbərliklərinin, agentlik nümayəndələrinin, medianın və sosial mediada nüfuz qazanmış, maraqlı kontent yaratmaqla izləyiciləri tərəfindən sevilən influencerlər bir araya toplaşacaq.
Tədbirin təşkilatçısı Keepface DMCC, baş sponsoru Dreamland Baku Golf Villas & Residences-dir. Tədbirin digər sponsorları Bakcell, Chelebi, Hooki Cafe, AzGranata, Vitam və Trade Mark Leo Burnett şirkətləridir.