Şuşanın işğaldan azad olunmasından 1 il ötür
Qarabağ 416

Şuşanın işğaldan azad olunmasından 1 il ötür

Bu gün - noyabrın 8-i Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür.
2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.
Erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Belə ki, Vətən müharibəsi zamanı hər gün surətlə irəliləyən, günbəgün torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu oktyabrın ortalarında Hadrut qəsəbəsini düşməndən təmizləyib. Ordumuz daha sonra Xocalı rayonunun Çanaqçı kəndini, ardından isə strateji Şuşa-Laçın yolunun bir hissəsini düşməndən azad edib.
Bundan sonra Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri (XTQ) şimala doğru irəliləyərək sıx meşələri və keçilməz yarğanları, çətin dağ keçidlərini aşıb, Şuşaya istiqamət götürüb. Noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olublar. Xüsusi təyinatlılar şəhərə bir çox istiqamətdən və fərqli hədəflərə yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər.
Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən "İsgəndər" ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər idi. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olunub.

Şuşa 1930-cu ildə inzibati rayon statusu alıb. Mərkəzi Şuşa şəhəridir. Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa və ətrafındakı dağlıq ərazi Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir. Şəhər Cənubi Qafqazda yerləşən Qarabağ regionunun ikinci ən böyük şəhəridir. Xankəndi şəhərinə gedən Laçın dəhlizi də buradan keçir.
289 kvadratkilometr ərazisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Həmin dövrdə Şuşanın 24 min nəfər əhalisi vardı. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid olub, 165 nəfər yaralanıb, 58 nəfər əsir düşüb və girov götürülüb.
Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün Yuxarı Qarabağ zəbt olunmuşdu.
Ermənilərin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilib, yandırılıb və dağıdılıb.

Bununla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Əbdürrəhim bəy Haqverdiyevin, Qasım bəy Zakirin, Mir Möhsün Nəvvabın, Süleyman Sani Axundovun, Nəcəf bəy Vəzirovun, Yusif Vəzir Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqcanın evləri, Realni məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilib, dağıdılıb və məhv edilib.
Hazırda Şuşanın 34 300 nəfər əhalisi Azərbaycanın 58 rayonunda müvəqqəti məskunlaşıb və onlar doğma yurda qayıdış gününün başlamasını səbrsizliklə gözləyirlər. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 29-da və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Onlar şəhərin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.

2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Füzuli rayonuna səfər çərçivəsində İlham Əliyev və birinci xanım Mehriban Əliyeva layihənin icrasının gedişi ilə tanış olublar.
2021-ci il yanvarın 14-də Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun təməlini qoyub. Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Prezident İlham Əliyev və Mehriban Əliyeva dünən Füzulidən Şuşaya "Zəfər yolu"nun açılışını edib.

Bu il mayın 12-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada növbəti dəfə səfərdə olublar. Onlar əvvəlcə 110/35/10 kilovoltluq "Şuşa" yarımstansiyasının açılışında iştirak ediblər. Həmin gün Şuşada "Xarı Bülbül" otelinin yenidənqurmadan sonra açılışı olub.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşada "Xarı Bülbül" otelinin nəzdindəki 48 mənzilli korpusda və kotteclərdə yaradılan şəraitlə, Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar, xan qızı Natəvanın sarayına baxış keçiriblər. Prezident Şuşada 1 saylı ümumtəhsil məktəbinin və yeni məscidin təməllərini qoyub. Həmçinin dövlət başçısı və ailə üzvləri "Xan qızı" bulağında da olublar. Eyni zamanda mayın 12-də Şuşa şəhərində "Xarıbülbül" musiqi festivalı keçirilib. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayıb.

İyunun 15-də Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada səfərdə olublar. Burada iki qardaş ölkənin liderləri arasında təkbətək görüş keçirilib. Daha sonra "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalanıb.
Avqustun 29-da Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər, görülən işlərlə tanış olublar.

Avqustun 30-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə işğaldan azad edilən Şuşada ilk dəfə Vaqif Poeziya Günləri keçirilib. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə iki gün davam edən tədbirin açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Sentyabrın 18-də Şuşa şəhərində Milli Musiqi Günü keçirilib. Üzeyir Hacıbəylinin heykəlinin ucaldığı parkda baş tutan tədbirdə Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblının Xalq Çalğı Alətləri Orkestrinin ifasında Üzeyir Hacıbəyli, Vasif Adıgözəlov, Süleyman Ələsgərov və digər bəstəkarların ifaları səsləndirilib.

Noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində növbəti dəfə səfərdə olublar. Dövlət başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər. Daha sonra onlar Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa şəhər xəstəxanasının təməllərini qoyublar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı məscidlərində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.
Həmçinin Prezident və birinci xanım VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb, söhbət edib və Cıdır düzündə olublar.
Prezident noyabrın 7-də "Şuşa Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" və "Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Şuşa rayonunda 90 çarpayılıq mərkəzi xəstəxananın layihələndirilməsi və tikintisi məqsədilə Səhiyyə Nazirliyinə ilkin olaraq 500 min və Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ilkin olaraq 200 min manat ayrılıb.
Hazırda Şuşada bərpa-yenidənqurma işləri görülür, şəhər dirçəldilir, inkişaf etdirilir.
Qarabağ Azərbaycandır!

Oxşar xəbərlər

Son xəbərlər