31
января
2017
17:00
"Bayram Axşamı" kinokomediyasının afişası hazırlandı
M Group Production-un ilk bədii filmi olan «Bayram axşamı»nın rəsmi afişası təqdim edilib.
BAKU.WS xəbər verir ki, afişa "KOKON Agensy" agentliyində Ruslan Nabiyev tərəfindən hazırlanıb.
Qeyd edək ki, baş rollarında Murad Dadaşov, İslam Mehrəliyev, rəqqasə Oksana Rəsulova kimi tanınmışların çəkildiyi kinokomediya yaxın günlərdə paytaxt kinoteatrlarında izləyicilərə təqdim ediləcək. Filmin ssenari müəllifi və quruluşçu rejissoru isə Toğrul Məmmədovdur.
Filmin süjetinə görə elə adı da Bayram olan baş qəhrəman Novruz bayramı ərəfəsində ürəyində səhv arzu tutur. Tonqalın üstündən tullanır və növbəti gün Bayramın bədəni 6 aylıq körpə, başı isə böyük adamın ölçüsündə olur. Belə bir filmi çəkmək elə də asan iş deyildi. Əvvəlcə hamı bizim ölkədə, Azərbaycan kinomatoqrafiyasının indiki inkişaf mərhələsində bu cür filmin istesal imkanlarına şübhə ilə baxırdı. Amma məhz Murad Dadaşovun komandası belə işləri uğurla yerinə yetiriblər. Bu dəfə də komanda öz işinin öhdəsindən müvəffəqiyyətlə gəldi.
Xatırladaq ki, «Bayram axşamı» kinokomediyası bu ilin fevral ayında bizim ölkəmizdə ekranlarda olacaq. Hələlik isə internet şəbəkələrinə təkcə filmin ilk teaser-i buraxılıb. Tezliklə, M Group Production şirkəti ilin ən çox gözlənilən filminin tam trailer-ini təqdim edəcək.
Aynur Ələkbərova