29
января
2017
13:55
Bakıda qarlı havada təcrübəsiz sürücü görün nələr etdi - VİDEO
Həm evakutor sürücüsü, həm də onun daşıdığı avtomobildəkilər təhlükə yaratdı
Bakıda təcrübəsiz sürücü qarlı havada həm qeyri-adi, həm də təhlükəli hərəkətlərə yol verib. Onun bu əməlinə 156 evakuasiya xidmətinin evakuator sürücüsü də dəstək verib. Avtosfer.az-ın əməkdaşlarının yanvarın 28-də, saat 18-19 radələrində İnşaatçılar prospektində qeydə aldığı videodan da göründüyü kimi, 99 KC 111 dövlət nömrə nişanlı avtomobil evakuatora yüklənib. Avtomobilin içərisində isə ən azı 5 nəfər var. Üstəlik, avtomobil işlək vəziyyətdədir və ksenon faralar yanır. Arxadan gələn avtomobil sürücülərinin gözünü qamaşdırdığı üçün yaxınlıqdan keçən bütün sürücülər ya pəncərəni endirir, ya da siqnal verməklə 111-ə etirazını bildirirdi. Gənc sürücü əvvəlcə hansı səhvlərə yol verdiyinin fərqinə varmadı. Evakuatorun üzərindəki maşından düşən gənclərlə söhbətdən sonra bildirdilər ki, guya avtomobildə nasazlıq yarandığı üçün təmir yerinə aparırlar. Lakin sonra onu da dedilər ki, evə gedirlər. Ən sonda isə bilindi ki, gənc sürücü təcrübəsizdir, qarlı havada maşın sürə bilmədiyi üçün 156-dan evakuator çağırıb. Maşındakı dostları ilə birlikdə maşını evakuatora qaldırıblar ki, qəzasız-filansız evə gedib çatsınlar.
Özünüz bu görüntüləri izləyib sürücünün əməlinə qiymət versəniz, daha yaxşı olar. Lakin Dövlət Yol Polisi də həm evakuator sürücüsünün (yükdaşıma qaydalarını pozub - red.), həm də onun daşıdığı avtomobil sahibinin barəsində tədbir görməlidir.