Xankəndiyə daha çox azərbaycanlı köçürülə bilər - AÇIQLAMA
Qarabağ 529

Xankəndiyə daha çox azərbaycanlı köçürülə bilər - AÇIQLAMA

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Xankəndiyə azərbaycanlıların köçürülməsi məsələsi 2021-ci ilin ən aktual məsələlərindən biri olacaq. Azərbaycan, Rusiya və Ermənistanın rəhbərləri arasında bağlanmış birgə Bəyanatın 7-ci bəndi daxili məcburi köçkünlər və qaçqınların Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıtmasını nəzərdə tutur.
Atəşkəs barədə Bəyanat imzalanandan bəri hələ ki Xankəndi şəhərinə erməni əhalisinin köçürüldüyünün şahidi oluruq. Son vaxtlar 40 min erməninin bu şəhərə qayıtdığı deyilsə də, onların bir hissəsinin şəhəri tərk etməsinə dair də informasiyalar çoxluq təşkil edir. Belə ki, qayıdan ermənilərin bir çoxu müharibə vaxtı qoyub qaçdığı əşyalarını Ermənistana daşımaq üçün gəlir, yaşadıqları mənzili satmaq üçün elan verir.
Bizi isə başqa bir məsələ düşündürür. Müharibəyə qədər Xankəndidə qeydiyyatda olan azərbaycanlıların sayı 12 024 nəfər olub. Lakin Xankəndiyə bundan daha çox azərbaycanlı köçürülə bilər.
Bunu Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov oxu.az-a açıqlamasında deyib.
O, Rusiya sülhməramlılarının etnik ermənilər kimi, azərbaycanlıların da tezliklə Xankəndiyə yerləşdirilməsinə nəzarət etməsinə ümid etdiyini bildirib:
"İlkin ehtimallara görə, azərbaycanlıların Xankəndidə müharibəyə qədərki statistikası 12 024 nəfər təşkil edib. Lakin köçürülmə prosesində bu rəqəm mütləq artacaq. Çünki 30 ilə yaxın müddətdə azərbaycanlılar demoqrafik cəhətdən artıb, ən azından oradan köçən azərbaycanlıların uşaqları və nəvələri nəzərə alınsa, bu rəqəm 30 mini üstələyər. Ermənilərdə isə bu proses reqressiyaya uğrayıb. Çünki həm Dağlıq Qarabağda, həm də Ermənistanda əhalinin sayında azalma müşahidə olunur. Yerli əhali daha çox digər xarici ölkələrə üz tuturlar.
Azərbaycanlıların Xankəndiyə köçməsindən sonra geosiyasi, siyasi və demoqrafik vəziyyətin dəyişəcəyi gözlənilir. Əsas məsələ odur ki, bu əhali ora təhlükəsiz şəraitdə köçürülsün, köçürülərkən münbit şərait olsun. Orada yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli, orada Azərbaycan manatı istifadə olunmalıdır.
Xankəndidə Rusiya sülhməramlıları ilə yanaşı, türk patrullarının da fəaliyyət göstərməsi yaxşı olardı. Bu şəhər Azərbaycanın tərkib hissəsidir və orda azərbaycanlılar yaşamalıdır. Bu şəhərin Azərbaycana qaytarılması da bu proses ətrafında olan söz-söhbətlərə son qoyacaq".
İlyas Hüseynov onu da bildirib ki, Xankəndidə olan məcburi köçkünlərin sayının çoxalması sayəsində şəhərin demoqrafik vəziyyəti dəyişəcək və şəhərin genişləndirilməsi prosesi baş tuta bilər:
"Müharibədən əvvəl ermənilərin Xankəndidəki sayının 50 min olduğu deyilirdi. Lakin hazırda onların sayının heç 40 minə çatacağı gözlənilmir. İstənilən halda, ilkin mərhələdə 30 min azərbaycanlının ora köçürülməsindən sonra şəhərdə abadlıq-quruculuq işlərinin görülməsi, mövcud infrastrukturun yaxşılaşdırılması gözlənilir. Şəhərin genişləndirilməsi, yeni yaşayış və inzibati binaların tikilməsi ilə bağlı ehtimallar da var.
Həmçinin, Xankəndi Azərbaycanın yurisdiksiyasına daxil olduğundan, Xankəndi sakini olmayan istənilən Azərbaycan vətəndaşı da ora köçə bilər. Necə digər şəhərlərimizdə azərbaycanlılar köçüb yaşaya bilirsə, Xankəndiyə də köçüb məskunlaşmaq olar. Bu da köçürülmə prosesi zamanı azərbaycanlıların daha çox ola biləcəyi ehtimalını artırır".

Son xəbərlər