23
июня
2016
03:02
Azərbaycanda İpoteka ilə bağlı yeni sistem - Prezident Fərman verdi
Azərbaycan prezidenti İlham Əliyev ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında fərman imzalayıb.
May.Az xəbər verir ki, dövlət başçısının saytına istinadən bildirir ki, fərmana əsasən, "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi təsdiq edilib. Nazirlər Kabinetinə "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi məqsədi ilə "Elektron hökumət” portalında "Elektron ipoteka” sistemini yaratmaq və 2017-ci il yanvarın 1-dən tətbiq etmək tapşırılıb.
"Elektron ipoteka” sistemi aşağıdakıları təmin etməlidir: ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın olmasını;
ipoteka krediti almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsini; ipoteka kreditinin alınması üçün ayrıca olaraq hər bir müvəkkil bank üzrə ipoteka krediti almaq istəyən şəxsin ödəməli olduğu xidmət haqqının, habelə hər bir müvəkkil qiymətləndiricinin xidmətləri üzrə xidmət haqqının məbləğləri barədə məlumatın olmasını;
ipoteka krediti almaq istəyən şəxsin müvəkkil banka elektron müraciətinin real vaxt rejimində göndərilməsini və qeydiyyata alınmasını, münasib görüş vaxtının təyin edilməsini;
ipoteka krediti almaq üçün müraciət etmiş şəxslərin müvəkkil bank (banklar) tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını; ipoteka krediti almaq üçün müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılmasını; ödənişlərin elektron formada həyata keçirilməsi üçün imkan yaradılmasını.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə "Elektron ipoteka” sisteminin "Elektron hökumət” portalına inteqrasiyasını və müvafiq dövlət qurumlarının informasiya sistemlərindən məlumatların bu sistemə ötürülməsi imkanını, habelə ipoteka kreditinin alınması üçün tələb edilən, aidiyyəti dövlət qurumlarının informasiya sistemlərində mövcud olan aşağıdakı məlumatların müvəkkil banklar tərəfindən "Elektron ipoteka” sistemi vasitəsilə alınmasını təmin etməlidir.
Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Vergilər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılıb ki, "Elektron ipoteka” sisteminin fəaliyyətinin təşkili üçün Cəmiyyətə kömək etsinlər.