Mezoterapiya haqqında nə bilirik?
Sağlam ol 1 161

Mezoterapiya haqqında nə bilirik?

Mezoterapiya haqqında nə bilirik?


Son dövrlər qadınlar arasında mezoterapiya prosedurlarına maraq çoxalıb.

May.Az xəbər verir ki, bu da xanımların daha da gözəl, cavan və təravətli qalmaq istəklərindən irəli gəlir. Bəs yaxşı, görəsən, mezoterapiya haqqında nə kimi məlumatlara malikik? Bu proseduru yalnız üzə tətbiq etmək lazımdır, yoxsa necə?

Öncə onu qeyd edək ki, mezoterapiya cavanlaşdırıcı gücə qadir olsa da, qadınların heç də hamısı bu proseduru həyata keçirməyə can atmır. Səbəb kimi mezoterapiyanın nə olduğunu, hansı faydalar verəcəyini bilmədiklərini göstərirlər.

Əvvəla, qeyd edək ki, bu üsul 1952-ci ildə Fransada yaranıb, yaradıcısı doktor Mişel Pistordur.

Mezoterapiya - müxtəlif dərman kokteyllərinin, bioloji aktiv maddələrin - yəni vitaminlərin, mikroelementlərin, antioksidantların, amin turşularının, fermentlərin, embrional preparatların kiçik iynələrlə dəri daxilinə və dəri altına (1,5 -6mm) yeridilməsidir. Dərinə yeridilmə sayəsində preparat ləng sorulur və bu da onun depolaşmasını və uzun müddətli müalicə effektini təmin edir. Dərman preparatları hər pasiyentin dərisinə, dəri tipinə və bununla yanaşı, üzdə olan probleminə uyğun seçilir.
Mezoterapiyanın köməyilə preparat birbaşa korreksiya aparılması zəruri olan yerə yeridilir. Müəyyən edilmiş zonaya və həmin bölgədə gedən prosesə məqsədyönlü təsir edir. Adi venadaxili, əzələ daxili inyeksiyalar və ya daxilə həb qəbul edildikdə dərman bütün orqanizmə təsir edir, lazımi yerə dərmanın az hissəsi çatır. Ona görə də, bir çox problemlərdə preparatla bütün orqanizmi doydurmaqdansa, onu lokal yeritmək daha yaxşıdır.
Bu işin peşəkarları iddia edirlər ki, istifadə etdiyimiz krem və ya maska mezoterapiya qədər effektli deyil. Məsələ ondadır ki, xanımların istifadə etdiyi hansısa kremlər, maskalar dəri altına cəmi milyonda bir mikron gedir. Amma eyni tərkibi dəri altına kiçik iynələrlə yeridilir. Təbii ki, bu da olduqca effektlidir.
Krem dərinin üst qatına təsir edir, mezoterapiya isə dəri daxilinə tətbiq edildiyi üçün dəridə yeni hollogenin əmələ gəlməsinə səbəb olur, bunun nəticəsində də dərinin tonusu bərpa olunur, xırda qırışlar tamamilə itir, dərin qırışlar isə gözlə görüləcək qədər hamarlaşır.
Mezoterapiyada istifadə olunan bütün dərmanlar orqanikdir, təbiidir. Sintetik məhlullardan istifadə olunmur. Ona görə də onların heç bir təhlükəsi yoxdur. Bu proseduradan sonra dəri çox gözəl, təravətli olur.
Mezoterapiyanım bu gün üçün böyük populyarlığı geniş spektrdə yüksək effektliliyinin olması, daxilə müdaxilələrin az olması ilə izah olunur. Proseduranın effekti yalnız farmakoloji təsirlə deyil, həm də iynə ilə dərinin fiziki stimulyasiyası hesabına yaranır. Belə ki, mezoterapiya qan və limfa dövranına təsir etməklə toxumaların mikrosirkulyasiyasını yaxşılaşdırır, yerli və ümumi immuniteti yüksəldir, energetik potensialı bərpa edir, hüceyrələrin kalium-natrium balansını normallaşdırır, qida maddələrinin uzun müddətli depolaşmasını təmin edir.
Mezoterapiyanın effektliliyi estetik kosmetologiyada sellülitin müalicəsində təsdiqini tapıb. Həkim tərəfindən təyin olunan xüsusi preparatların mikroinyeksiyaları orqanizmin qocalmasını müşayiət edən dərinin turqorunun, əzələlərin tonusunun pozulmasında, piqment əmələ gəlmədə effektlidir. Mezoterapiya sızanaqların və saç tökülmənin müalicəsində müvəffəqiyyətlə tətbiq olunur.

Hansı hallarda istifadə edilir?

Sellülit
Saç tökülməsi
Yeniyetmə dövründə və hamiləlikdə meydan gələn çatlaqlar
Üz gəncləşdirmə
Yara izləri
İstifadə edilən başqa sahələr:
Revmatizma
Qan dövranında problemlər zamanı
Miqren

Mezoterapiyada seans məsafəsi minimum 1 həftə olmalıdır. Bir seansda vurulan dərmanın miqdarı 10 ml-i keçməməlidir. Mezoterapiyada ortaya çıxan yan təsirlər, ümumiyyətlə, seans aralığına ya da miqdarına diqqət edilmədiyi təqdirdə ola bilər.
Mezoterapaiya üçün yaş məhdudiyyəti yoxdur.
Mezoterapiya cəmi 15-20 dəqiqə davam edir. Ağrı hiss edilir. Qızartı isə həssas dərilərdə 2 saat ərzində olur. Yəni bu proseduradan sonra xanım günlük həyatına davam edə bilər.

Hansı hallarda istifadə edilməsi qadağandır?

Ürək çatışmazlığı
Diabet
Böyrək xəstəlikləri
Antikoagulyant müalicə altındakı xəstələrdə

Prosedurun tətbiqindən sonra mənfi təsirlər çox nadir hallarda müşahidə olunur. Əlavə təsirlərin isə insan orqanizminə ciddi fəsadı yoxdur. Ən pis halda mezoterapiyanın tətbiqindən sonra iynələrin vurulduğu yerdə tez bir zamanda keçib gedən qızartı yarana bilər. Lakin onu da unutmaq lazım deyil ki, mezoterapiyanı yalnız həkim mütəxəssis həyata keçirməlidir. Gözəllik salonlarında "kosmetoloq” kimi fəaliyyət göstərən və qeyri-steril şəraitdə işləyən şəxslərə gözəlliyinizi etibar etməyinizi məsləhət görmürük.

Aytən.H

Son xəbərlər