15
ноября
2020
02:50
COVID-19 sağlam insanı da zədələyə bilir - Pulmonoloqdan XƏBƏRDARLIQ
İndi faktlar göstərir ki, heç bir yanaşı xəstəliyi olmayan, sağlam insanı da virus zədələyə bilər.
MAY.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi katibi, tibb üzrə fəlsəfə doktoru, həkim-pulmonoloq Gülzar Əliyeva deyib.
Mütəxəssis təəssüflə bildirib ki, qabaqlayıcı tədbirlərə baxmayaraq, yoluxma davam edir. Bu hal bir sıra ölkələrdə müşahidə olunur. Bəzi vətəndaşlar məsuliyyətli, ailələrinə, yaxınlarına qarşı çox diqqətcildirlər. Qoyulan qaydalara əməl edirlər. Mütəxəssislərin tövsiyələrinə əməl etmək çox asandır. Bunlar maska taxılması, əlcəklərdən istifadə, əllərin dezinfeksiyası, otaqların havalandırılması, açıq havada olmaq, məsafə saxlamaqdır:
"Təəssüf ki, bir qrup vətəndaş inamsızlıq nümayiş etdirir. Onlar qoyulan qaydalara riayət etmir, evlərdə ad günləri, yas mərasimləri keçirirlər. Bu da daha çox yoluxmaya gətirib çıxarır. Virusun aqressivliyi ondan ibarətdir ki, insan yoluxduğu andan etibarən yoluxucu ola bilər. Mümkün qədər kütləvi toplanma yerlərindən uzaq durulmalıdır. Əgər vətəndaşın getdiyi məkanda sıx toplanma halı varsa, mütləq ara məsafəsi saxlamalı, antiseptik məhlullardan istifadə etməli, maska taxmalıdır. Hər bir vətəndaş özü qaydalara əməl etməklə yanaşı, bunları öz yaxınlarına da təbliğ etməlidir.
İctimai nəqliyyatdan istifadə edən vətəndaşlar avtobusa minəndə maska taxır, oturandan sonra və ya ayaq üstə gedərkən ya maskanı çıxarırlar ya da çənələrinin altına salırlar. Sürücünün diqqəti yolda olduğundan həmin vətəndaşı görməyə bilər. Həmin şəxsə ətrafdakı vətəndaşlar irad tutmalıdırlar. İctimai qınaq olmalıdır. Çünki həmin şəxs həm özü yoluxa bilər, həm də digərlərini yoluxdura bilər. Belə xırda görünən məsələdən çox böyük problem ortaya çıxa bilər. Ona görə də vətəndaşları daha da diqqətli olmağa çağırıram".
Mütəxəssis bildirib ki, bəzi tədqiqatlar koronavirusa yoluxan insanlarda sonradan ciddi fəsadların yarandığını ortaya çıxarır: "Xoşbəxtlikdən belə halların rastgəlmə tezliyi aşağıdır və hər yoluxanda qeydə alınmır. Koronavirus daha çox ağciyərləri zədələsə də, orqanizmin bütün sisteminə təsir edə bilər. Qan sisteminə, sinir sisteminə də təsir edə, orqanizmin müqavimət sistemini poza bilər. Bu virusun o qədər genişspektrli klinik simptomları var ki, hər xəstədə şablon əlamətlər müşahidə olunmur. Assimptomatik koronavirusdan ən ağırgedişli koronavirusa qədər rast gəlinir. Adi qripin, soyuqdəymənin simptomları, o cümlədən halsızlıq, tərləmə, boğaz ağrıları, əzginlik, əzələlərdə sanki "döyülmə" hissi, temperatur müşahidə edilə bilər. Bəzi koronaviruslu xəstələrdə temperatur müşahidə edilmir. Hər hansı bir qeyri-adi simptom varsa, insan daha diqqətli olmalı və o, özünü və ətrafdakıları qorumalıdır.
Virus ilk dəfə yayılanda daha çox yaşlı əhali arasında müşahidə edilir və onları zədələyirdi. Burada yaşlılardakı yanaşı xəstəliklərin mövcudluğu rol oynayırdı. Lakin ilk dalğa olan zamanda da gənclərdə, hətta uşaqlarda xəstəliyin özünü büruzə verdiyini müşahidə edirdik. Xəstəlik uşaqlarda əksər hallarda çox yüngül keçdiyindən, onlara heç kim bir o qədər fikir vermirdi. Həmin uşaqlar öz ailə üzvlərini yoluxdururdular. Əvvəllər yanaşı xəstəlikləri olanların daha çox yoluxduğunu deyirdik. Lakin indi faktlar onu göstərir ki, heç bir yanaşı xəstəliyi olmayan, sağlam insanı da virus zədələyə bilər. Bu zaman onun hansısa bir faktoru olmalıdır. Burada xroniki yorğunluq, yuxusuzluq, düzgün qidalanmamaq da rol oynayır. Bəziləri soyuqdəymə əlamətləri müşahidə olunanda koronavirusu ağıllarına belə gətirmirlər. Deyirlər bizdə adi soyuqdəymədir. Lakin gərgin epidemioloji vəziyyəti nəzərə alaraq kimdəsə hansısa əlamət varsa, birinci növbədə koronavirusun olmadığını testlə inkar etmək lazımdır".