17
октября
2020
19:09
"Cəbhədəki məğlubiyyəti həzm edə bilməyən Ermənistan dinc sakinləri hədəf seçir"
Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə növbəti dəfə raket zərbələri endirməsi bu ölkə ilə danışıqlar aparmağın mənasız olduğunu bir daha təsdiqləyir. Cəbhədəki məğlubiyyəti, uğursuzluğu həzm edə bilməyən Ermənistan hakimiyyəti dinc sakinləri hədəf seçməklə xalqımızı qorxutmağa çalışır. Lakin buna nail ola bilməyəcək.
MAY.AZ bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat vurğulayıb ki, Ermənistan beynəlxalq konvensiyalara məhəl qoymadan öz çirkin məqsədinə çatmaq üçün ənənəvi metodlarından istifadə edir.
S.Məmmədovun sözlərinə görə, tarixi təcrübə göstərir ki, qarşı tərəfdən hər cür təxribat və terror gözləmək olar, çünki bu, artıq Ermənistanın dövlət siyasətinə çevrilib:
"Biz kiminlə qonşu olduğumuzun fərqindəyik. Ermənistanın dinc əhaliyə hücumları hər birimizi kədərləndirir, hiddətləndirir. Lakin heç kimi təəccübləndirmir. Bizi sadəcə daha çox təəccübləndirən beynəlxalq ictimaiyyətin Ermənistanın törətdiyi cinayətlərə susqunluğudur. Dünya birliyi, beynəlxalq təşkilatlar, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar, xarici kütləvi informasiya vasitələri baş verənlərə laqeyd qalmamalıdır. Çünki Ermənistanın həyata keçirdiyi təxribatlar insanlığa qarşı cinayətdir".
S.Məmmədov Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Azərbaycan Ordusunun zəfər yürüşünün davam edəcəyinə əmin olduğunu bildirib.
Deputat qeyd edib ki, bu gün bütün Azərbaycan xalqı Ali Baş Komandanın və ordunun ətrafında sıx birləşib. "Bizim qələbəmizi təmin edən məhz birliyimiz və haqlı olmağımızdır. Ermənistan heç bir göstəricisinə görə Azərbaycanla müqayisə oluna bilməz. Tarixi ədalət də, beynəlxalq hüquq da bizim mübarizəmizin haqlı olduğuu təsdiqləyir. Ermənistanın hərbi-siyasi rəhbərliyi bunu nə qədər tez dərk etsə, onlar üçün daha yaxşı olar".
Milli Məclisin deputatı Ermənistan ordusunun mövqe, texnika və canlı qüvvə baxımından böyük itkilərə məruz qaldığını, ölkənin iqtisadi və səfərbərlik resurslarının faktiki olaraq tükəndiyini xatırladıb. Qeyd edib ki, Ermənistanda siyasi hakimiyyət proseslərə nəzarət imkanını itirib, eyni zamanda ordunun və əhalinin psixoloji durumu da kifayət qədər sarsılıb.