13
октября
2020
00:39
Olimpiya çempionumuz: "Ermənilərin hərəkəti insanlığa sığmır"
"Çox sevinirik ki, Azərbaycan Ordusu güclüdür və bu qədər irəliləyir. Hər dəqiqə Ali Baş Komandanın və Ordunun yanındayıq, onlara inanırıq".
Big.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov cəbhədə baş verən hadisələrə münasibət bildirərkən deyib.
Gəncədən olan 28 yaşlı idmançı Ermənistan silahlı qüvvələrinin şəhərə raket zərbələri nəticəsində törətdikləri terror hadisəsi barədə də danışıb: "Gəncədə baş verən təxribatlar ermənilərə yaraşan hadisədir. Özlərini xaincəsinə yenə göstərdilər. Sivil insanlara atəş açdılar. Bu, gəncəli olaraq mənə çox təsir etdi, amma belə şeylər bizi qorxuda bilməz. Arzumuz, istəyimiz odur ki, Ordumuz qələbə ilə Qarabağı azad etsin. Bizim üçün ən vacib olan budur. Ordumuza çox inanırıq. Ermənilər bizim əsgərlərə mübarizə apara bilmədikləri üçün sivil insanları, dinc əhalini hədəfə alırlar. Gəncədə dünyasını dəyişənlər oldu. Bizim Ordumuz ermənilərdən fərqli olaraq necə lazımdır onların cavabını verəcək".
Əsgərov Gəncədə yaralananlar arasında tanışlarının da olduğunu sözlərinə əlavə edib: "Gəncədə demək olar ki, hamı bir-birini tanıyır. Hər an qohumlarımızın, dostlarımızın durumu ilə maraqlanırıq. Artıq erməni terroru bütün dünyaya məlumdur. Bunlar tarix boyu belə hərəkətlər edir və hər zaman necə olduqlarını da sübuta yetirirlər. Müharibə cəbhədə gedir, amma onlar dinc əhalini hədəfə alırlar. Bu, insanlığa sığan hərəkət deyil. Biz onlara layiqli cavab verəcəyik. Gəncəliləri qorxutmaq istəyirlər, bütün müsahibələrdə görünür ki, oradakılar qorxmur və necə ayaqda dayanırlar. Belə şeylər gəncəliləri qorxuda bilməz. Azərbaycan xalqı düşməndən qorxmur. Bütün insanlar bu dəqiqə bir nöqtəyə yönəlib ki, Qarabağda qələbə qazanacağıq".
Təcrübəli idmançı sosial şəbəkələrdə aktiv olduğunu və bu mövzularda müxtəlif paylaşımlar etdiyini diqqətə çatdırıb: "Azərbaycan vətəndaşı və əsgəri kimi hər zaman döyüşə hazıram. Qələbə bizimdir, hamımız bu qələbəni bayram edəcəyik. Buna inanıram".
Qeyd edək ki, Toğrul Əsgərov 2012-ci ildə London Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, "Rio-2016"da isə gümüş medal əldə edib. 2012-ci ildə Serbiyanın paytaxtı Belqradda Avropa çempionu olan idmançı 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının da qalibidir.