31
марта
2020
21:47
Mayın sonunadək Azərbaycanda futbol olmayacaq
“Azərbaycanda futbol çempionatı bir müddətdir ki, dayandırılıb. Güman ki, bu müddət uzadılacaq. Dünən biz mayın sonunadək oynamağın təhlükəsiz olmadığına dair rəsmi məktub aldıq”.
Oxu.Az xəbər verir ki, bunu “Sabah” komandasının xorvatiyalı məşqçisi Marko Lozo deyib.
O, Xorvatiya mətbuatına müsahibəsində Azərbaycanda koronavirusla əlaqədar vəziyyətdən danışıb:
“Ümumilikdə, həyat şəraitinə gəlincə, dünənki günədək hər şey normal idi. Kafe və restoranlar saat 15:00-dək açıq idi. Bu gün (müsahibə dünən götürülüb – red.) isə qərar qəbul edildi ki, yalnız mağaza və apteklər açıq olacaq”.
Daha sonra 31 yaşlı məşqçi noyabrdan sonra gəldiyi Azərbaycanın futbolu və çalışdığı “Sabah” komandası barədə fikirlərini bildirib:
“Bura gələnədək Azərbaycan futbolu barədə az şey bilirdim. Amma artıq burada olduğum bir neçə aya əsasən deyə bilərəm ki, yaxşı mənada təəccüblənmişəm. “Qarabağ” və “Neftçi” kimi iki klub digərlərindən səviyyəsinə görə seçilir. Hazırda çempionatda səkkiz klub var. Ancaq növbəti mövsüm onların sayı 10 olacaq.
Biz hazırda turnir cədvəlində altıncı sırada olmağımızdan çox razı deyilik. Lakin digər komandalarla aramızda çox az fərq var. Hədəfimiz mövsümü üçüncü pillədə başa vurmaqdır. Baş məşqçi Jelko Şopiçin nəticə əldə etməsi üçün bir qədər vaxta ehtiyacı var”.