19
мая
2019
11:53
Stress, xərçəng və qocalıqdan qoruyan HORMON. İfrazını necə artırmaq olar?
Əsasən epifiz (beyində yerləşən vəz) tərəfindən hazırlanan melatonin hormonu ən güclü antioksidantlardan biridir.
Bu hormon streslə mübarizə etməyə kömək edir, orqanizmdə qocalma proseslərini ləngidir, arterial təzyiqi tənzimləyir, bir çox xroniki xəstəliklərin və hətta xərçəng xəstəliklərinin inkişafının qarşısını alır.
Melatonin yuxu zamanı ifraz olunur. Hormonun sintezi işıqlandırma səviyyəsindən asılıdır - işiq onun ifrazını azaldır, qaranlıq isə əksinə artırır. Bu səbəbdən alimlər insanlara tam qaranlıqda yatmağı tövsiyə edirlər.
Siçanlar üzərində aparılmış eksperimentlər göstərib ki, melatoninin çatışmazlığı zamanı heyvanlarda qocalma prosesləri sürətlənir, insulinə qarşı həssaslıq azalır (bu şəkərli diabetin riskini artırır), piylənmə və bədxassəli şişlər inkişaf edirdi. Bundan əlavə dişi heyvanlarda menopauza daha tez başlayırdı.
Melatoninin ifrazı azaldıqda bu kimi simptomlar meydana çıxır:
- yuxusuzluq
- immun sisteminin zəifləməsi
- təzyiqin yüksəlməsi və ya əksinə düşməsi
- əsəbilik, həyacan
- depressiyanın inkişafı.
Bu simptomlar sizi tez-tez narahat edirsə, həkimə müraciət edin. Bəzi hallarda həkim tərkibində melatonin olan preparatları təyin edə bilər. Lakin bu preparatların qəbulu bəzi xəstəliklər və pozulmalar zamanı qadağandır. Həmçinin melatoninin qəbulu diqqəti azaldır ki, bu da bəzi peşə sahibləri üçün (sürücü, dispetçer və s.) yolverilməzdir.
Melatoninin ifrazını təbii yolu ilə artırmaq üçün mütəxəssislər qidalanmada meyvə-tərəvəzləri artırmağı, gün rejimini tənzimləməyi tövsiyə edirlər. Normal tamdəyərli gecə yuxusu melatoninin ifrazının artırılması üçün əsas şərtdir. Bu zaman otaqda qaranlıq olmalıdır, gecə lampası, küçə işıqlandırılması melatoninin ifrazını azaldır.
Saglamolun.Az