29
сентября
2016
00:38
Bakıda bütün taksilərə xəbərdarlıq edildi
Günün pik saatlarında paytaxtda müşahidə edilən tıxac problemi hələ də insanların əsəb sistemini korlamaqda davam edir. Heç kimə sirr deyil ki, xüsusilə dayanacaqlara yaxın yerlərdə, səki boyu düzülən taksilərin bu tıxaclarda payı az deyil.
Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Modern.az-a açıqlamasında faktı təsdiq edərək problemin yaxın vaxtlarda həll olunacağını bildirib.
Öncə fərqlənmə nişanı...
"Bu, uzun zamandır icrasına başladığımız məsələdir. Hələ də rəsmi qeydiyyatdan keçmədən, fərqlənmə nişanı almadan xidmət göstərən taksilər mövcuddur. Fərqlənmə nişanı olmadan xidmət göstərən şirkət, fiziki şəxs, sahibkar mütləq Bakı Nəqliyyat Agentliyinə müraciət etməlidir.
Onlar müvafiq rüsumu bankda ödədikdən sonra fərqlənmə nişanı əldə edirlər. Yalnız bundan sonra Agentlik fərqlənmə nişanı verir. Nişan aldıqdan sonra sadaladığınız hərc-mərclik, taksilərin istənilən şəkildə avtobus dayanacaqlarını zəbt etməsi, istədikləri qiyməti müəyyən etməsinin tənzimlənməsi kimi məsələlər prosesin ikinci mərhələsidir.
Gələcək üçün nəinki avtobuslarda, eyni zamanda taksilərdə taksometrlər quraşdırılması nəzərdə tutulub. Həmin taksometrə uyğun olaraq vətəndaş biləcək ki, bu, dövlət qeydiyyatlı taksidir. Xidmət göstərən sürücü də taksometrdə göstərilmiş yola uyğunlaşdırılmış rəqəm nümunəsində ödəniş alacaq. Bu baxımdan rəqabətli mühit formalaşacaq”.
Taksilər üçün sürət həddi müəyyənləşir
Agentlik rəsmisi qeyd edib ki, növbəti məsələ taksi dayanacaqları ilə bağlıdır:
"Əslində Bakının inzibati ərazisində kifayət qədər pasportlaşdırılmış və pasportlaşdırılmamış taksi dayanacaqları var. Amma bu taksi dayanacaqlarının heç biri istifadə olunmur. Taksi sürücüləri qeyd edir ki, dayanacaqlar hökmən ticarət mərkəzlərinin önündə, metro stansiyaların çıxışlarında olmalıdır. Dünyanın heç bir ölkəsində taksilər üçün dayanacaqlar ticarət mərkəzinin, metro stansiyaların çıxışda olmur. Yer avtobuslara mane olmamaq şərtilə ayrılır.
Bu baxımdan tezliklə taksi dayanacaqlarının hamısı nəzərdən keçiriləcək. Standartlara uyğun olanlar taksi sürücülərinin ixtiyarına veriləcək.
Taksilərin pərakəndəliyi, avtobus dayanacaqlarına daxil olmaları, tənzimlənməyən sürət həddi tənzimlənəcək. Taksi də avtobus kimi müəyyən limit sürətə otuzdurulacaq. Çünki, taksi də müntəzəm sərnişin daşınması, ictimai nəqliyyat xidmətinə aiddir. Taksi öz ailə üzvlərini deyil, xidmət göstərərək ictimaiyyətin nümayəndələrini daşıyır”.
"Qanunsuz taksi fəaliyyətilə məşğul olanlar cəzalanacaq”
N.Allahyarova qeyd edib ki, taksi xidməti göstərənlərin rəsmi statistikasını aparmaq mümkün deyil:
"Çünki, müəyyən insanlar var ki, günün bəzi saatları hansısa işdə işlədikdən sonra taksi fəaliyyətilə məşğul olur. Məhz onları müəyyən etmək problem yaradır. Ona görə fərqlənmə nişanı almaq üçün sürücülərin özlərinin bizə müraciət etməsini xahiş edirik. Bu, həm də vergidən yayınmanın qarşısını alır. Bizim işçilər tərəfindən təyin olunarsa ki, şəxs qanunsuz taksi fəaliyyətilə məşğuldur, o zaman aiddiyyatı qurumlara müraciət olunacaq, barələrində cəza tədbirləri görüləcək”.