17
марта
2020
13:42
"Türkiyədən Azərbaycana yola salınan vətəndaşlarımız müayinədən keçiblər" - RƏSMİ
“Türkiyədən Azərbaycana avtobusla yola salınan vətəndaşlar artıq ölkəmizdədir”.
Bunu Oxu.Az-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Mətbuat Katibi Nuridə Allahyarova bildirib.
O deyib ki, iki gün ərzində İstanbul-Bakı müntəzəm reysi ilə dörd avtobus ölkəyə gəlib:
“İlk iki avtobus ötən gün Bakıya çatıb. Bu gecə saat 02:30-da isə sonuncu sərnişinlərimiz “Qırmızı Körpü” sərhəd keçid məntəqəsindən ölkəmizə daxil olub. Ümumilikdə, İstanbuldan yola salınan 250-yə yaxın vətəndaşımız artıq ölkədədir”.
N.Allahyarova qeyd edib ki, həmin şəxslərin hər biri tibbi müayinədən keçiblər:
“Onların heç birində virus aşkarlanmayıb və karantinə alınmayıblar”.
Qeyd edək ki, martın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığı əsnasında koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə ölkələrimiz tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparılıb.
Prezidentlər koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər.
Türkiyədə yaşayan, təhsil alan və ya müvəqqəti qalan vətəndaşlarımızın mümkün müraciətlərinə operativ şəkildə cavab vermək üçün Azərbaycan səfirliyi və baş konsulluğunda “Qaynar xətt” yaradılıb.