» » Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir

Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir

Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları siyasi yolla Azərbaycana qaytarıldı.
Kəlbəcər Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. Işğaldan əvvəl 3054 kv.km. ərazisi olan rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldular. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı.
Nəhayət ki, 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi hərbi əməliyyat keçirmədən işğaldan azad edildi.
Kəlbəcər işğaldan azad ediləndən sonra 2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə oldular və Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırdı.
Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır. Bu gün işğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Cari ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanımın iştirakı ilə Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. Bununla da Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcəkdir. Həmin gün 110/35/10 kilovoltluq "Kəlbəcər" yarımstansiyasının açılışı və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyuldu.
Görülən işlər yaxın zamanlarda kəlbəcərlilərin doğma yurd-yuvalarına qayıdışını reallaşdıracaqdır.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü



20-11-2021, 12:13 102 0

Комментарии


Добавление комментария

Кликните на изображение чтобы обновить код, если он неразборчив