12
сентября
2016
01:31
İlham Zəkiyev məğlubiyyətinin səbəbini açıqladı
"Rəsmilərimiz mənə dedilər ki, boş ver medalı, bizə sən lazımsan".
BAKU.WS xəbər verir ki, bu sözləri adalet.az saytına açıqlamasında "Rio 2016" XV Paralimpiya Oyunlarının cüdo yarışlarında kişilərin +100 kq çəki dərəcəsində beşinci nəticə göstərən bayraqdarımız İlham Zəkiyev deyib.
O, çıxışı barədə bunları qeyd edib: "Yarış öncəsi təzyiqim çox aşağı düşmüşdü - 80-50. Üstəlik, qızdırmam vardı. Əlim və dizim də zədələnmişdi. Yarış ərzindəki halımı görən komitə rəsmiləri son görüş ərəfəsi mənə dedilər ki, İlham, gəl çıxma tatamiyə, boş ver medalı, bizə sən lazımsan. Mən istəmədim mübarizəsiz təslim olum. Ona görə də birtəhər toparlanıb görüşə çıxdım".
İkiqat paralimpiya çempionu nəticəsinə görə ciddi üzüntü keçirmədiyini bildirərək, fikirlərinə bunları əlavə etdi: "Mən iki dəfə bu turnirin ən yüksək əyarlı medalını qazanmışam. Hansı ki, bunun "eks" anlayışı yoxdu. Olimpiya və paralimpiya çempionu adı əbədidi. İdmandı, hər şey olur. Bir məqamı da nəzərə çatdırım ki, mənim bütün rəqiblərim, əslində, olimpiyaçılar idi, nəinki paralimpiyaçı. Məsələn, çempion olan Özbəkistan təmsilçisinin görməsində ciddi problem yox idi".
Qeyd edək kİ, Zəkiyevin çəki dərəcəsində çempion adını qazanan sözügedən Özbəkistan təmsilçisi bu yaxınlaradək sağlam cüdoçular arasında çıxış edib. Adilcan Tuledibayevin paracüdo kateqoriyası B3-dü ki, bu da 40 faizədək görmə deməkdir. Bürünc mübarizəsinin ilk iki mərhələsində qarşılaşdığı rəqiblər də bu kateqoriyadan idi. Sonuncu kubalı rəqib isə B2-də (20 faizədək görmə) yer alır. Zəkiyev isə B1, yəni tam görmə qabiliyyətini itirmiş cüdoçular kateqoriyasındadır.