20
августа
2016
10:31
Azərbaycanda Gülən tərəfdarı tutuldu
Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq keçirilən əməliyyatla bağlı birgə məlumat yayıb.
DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsindən May.az-a verilən məlumata görə, Azərbaycan Respublikasında mobil rabitə xidmətləri göstərən şirkətlərin müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər kimi belə tədbirləri keçirməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərinin törədilməsində şübhəli bilinən Azərbaycan vətəndaşları - İsrayılov Şahin İsrayıl oğlu, Əhmədli Fuad Zəfər oğlu, Musayev Etibar İmamqulu oğlu və Qasımov Vüqar Şəmisdan oğlu saxlanılıblar.
Müəyyən edilib ki, "Bakcell LTD” MMC-də əsas şәbәkә üzrə baş mühәndis vәzifәsindә işlәyәn Şahin İsrayılov, "Azerfon” MMC-də "Zənglər mərkəzi”ndə operator vəzifəsində işləyən, Azәrbaycan Xalq Cәbhәsi Partiyasının Xәtai rayon Gәnclәr tәşkilatının sәdri Fuad Әhmәdli, "Azercell Telecom” MMC-nin müştәri xidmәtində operator vəzifəsində işləyən Etibar Musayev ölkә әrazisindә mobil rabitә xidmәtlәri göstәrәn həmin şirkәtlәrdә işә başladıqları vaxtdan 18 avqust 2016-cı ilədək olan müddət ərzində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Vüqar Qasımovun və digər şəxslərin müraciətləri əsasında qanunsuz olaraq mütəmadi surətdə həmin mobil operatorların çoxsaylı abunəçilərinə dair fərdi məlumatları, o cümlədən abunəçilərin anket məlumatlarını, zəng tarixçələrindən çıxarışları, antenalar üzrə vətəndaşların olduqları yerlər və yerdəyişmələri və sair qapalı məlumatları çıxararaq, SMS yazışmaları və müxtəlif gizli üsullarla Vüqar Qasımova və digər şəxslərə ötürüb, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurublar.
Fakt üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb. İsrayılov Şahin İsrayıl oğlu, Əhmədli Fuad Zəfər oğlu, Musayev Etibar İmamqulu oğlu və Qasımov Vüqar Şəmisdan oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onların yaşadığı ünvanlarda keçirilmiş baxış zamanı qanunsuz fəaliyyətlərinə dəlalət edən maddi sübutlar aşkar edilərək götürülüb. Fuad Əhmədlinin yaşadığı ünvana keçirilmiş baxış zamanı ona məxsus əşyaların arasında qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat və CD disklər, Fəthullah Gülənin çıxışları olan vərəqələr, "Gülən camaatı” adlandırılan qrupun üzvləri, "Hizmət imam”ları adlandırılan şəxslər və onların qarışılıqlı əlaqələrinə dair sənədlər, Vüqar Qasımovun yaşadığı ünvana keçirilmiş baxış zamanı ona məxsus əşyaların arasında çoxsaylı Azərbaycan vətəndaşlarının şəxsi sənədlərinin surətləri, onun adına rəsmiləşdirilmiş xeyli sayda mobil telefon nömrələri və qanunsuz fəaliyyətinə aid digər əşyalar aşkar edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.