“Ən məxfi general”: ABŞ-ı 1 trilyon ziyana salan azərbaycanlı – 25 İLLİK SİRR
Həyat tərzi 597

“Ən məxfi general”: ABŞ-ı 1 trilyon ziyana salan azərbaycanlı – 25 İLLİK SİRR

“Ən məxfi general”: ABŞ-ı 1 trilyon ziyana salan azərbaycanlı – 25 İLLİK SİRR


“Çox çətinliklə dözürdüm. Mən nə ilə məşğul olduğumu belə deyə bilməzdim. Gülməli hallar olurdu. Lazımlı sənədləri almaqdan ötrü nə qədər zəhmət sərf etməli olurdun! Mən bu barədə sakit danışa da bilmirəm”.

Kərim Kərimov deyir bunu müsahibələrinin birində. O Kərim Kərimov ki, 25 il SSRİ-nin bütün kosmonavtlarını göyə yola salmışdı. 1966-cı ildən, ta SSRİ dağılana kimi. Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri kimi. Kosmik uçuşlarla bağlı bütün sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən məhz o idi. Kosmik səyahətə çıxan və tapşırığı yerinə yetirib geri dönən uçuş heyətinin hesabatlarını qəbul edərək heç vaxt televiziya reportajlarına düşməyən şəxs olub, general Kərimov.
Deyilənə görə, SSRİ-də günün istənilən vaxtı Baş katibə və müdafiə nazirinə zəng etmək iqtidarında olan yeganə şəxs imiş.

Sovet kosmonavtları “Baykonur”dan yola salınanda bütün telereportajlarda onun ancaq çiyini görünərdi. Sovet KİV-də onun adı çəkilməzdi, qadağan idi. Sovet xalqı isə onun adını və üzünü bir də 1987-ci ildə görmüşdü. Özü də televiziyadan da yox, “Pravda” və “Sovetskaya Rossiya” qəzetlərindən.

Kərim Abbasəli oğlu Kərimov 1917-ci il noyabrın 14-də Bakıda, Maştağa kəndində anadan olub. Onun atası Abbasəli Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sahəsində çalışmışdı. Anası Azərbaycan Cümhuriyyətinin parlament üzvü Əsədulla bəy Əhmədovun qızıydı.

1941-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirən Kərim Kərimov elektromexanika üzrə mühəndis diplomu almışdı. Müharibə başlayanda onun xüsusi istedadı nəzərə alınaraq, Dzerjinski adına Artilleriya Akademiyasına oxumağa göndərmişdilər. O, “Katyuşa” adı ilə tanınan BM-13 yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanmışdı. Bu qurğular Sovet İttifaqının ən güclü silahı kimi məxfilikdə saxlanılırdı. Öz işinə can yandıran Kərim Kərimov daim silahın təkmilləşdirilməsi barəsində düşünürdü və bu istiqamətdə bir neçə dəyərli təklif də irəli sürmüşdü. Məhz həmin vaxtdan Kərim Kərimov həyatını raket texnikası ilə bağlamışdı.

1945-ci ildən SSRİ Müdafiə Nazirliyinin raket texnologiyaları yaradan konstruktor büroları və zavodlarında çalışan Kərim Kərimov bir neçə elmi ixtiranın müəllifi olmuşdu. 1946-cı ildən başlayaraq, ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparmışdı. Bu sahədə nailiyyətinə görə, 1950-ci ildə ilk dəfə SSRİ Dövlət mükafatına layiq görülmüşdü.

“Baykonur” kosmodromunun əsası qoyulan gündən isə o, Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilmişdi. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində onun da rolu az olmamışdı. Nəticədə ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni - “Lenin” ordeni ilə təltif olunmuşdu.

Onun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən sovet kosmonavtikasının atası Sergey Korolyov 1966-cı ildə təkidlə onun Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilməsinə nail olmuşdu. Yuxarıda qeyd etdiyimiz kimi, düz 25 il bu vəzifədə çalışmışdı.

Aviakonstruktor, “Texnosvar” zavodunun baş direktoru Fizuli Fərəcov deyir ki, Kərim Kərimov əslində Korolyovun sağ əli sayılırdı. “Korolyov onunla məsləhətləşmədən qərar verməzdi. Onların hər ikisi nəinki sovet, dünya kosmos sənayesinin əsasını qoyanlardandı”.

Hə, kosmosa insan göndərilməsində SSRİ hamını qabaqlaya bilir. Hətta amerikalıları belə. Bundan sonra təsəvvür edin nə baş verir. Qaqarinin uçuşundan sonra prezident Kennedi insanın Ayı fəth etməsi üçün Senatdan beş il ərzində 240 milyard dolların ayrılmasına nail olur. Bu isə indi təxminən 1 trilyon dollar deməkdir. ABŞ hesab edirdi ki, heç olmasa bu sahədə SSRİ-ni qabaqlasınlar. Əslində, xeyli əvvəl Korolyov insanı Aya çatdıra biləcək raket üçün vəsait almağa cəhd etsə də , “yuxarıdan” ona dəstək vermirlər.

Amma bununla belə, istər siyasi, istərsə də ideoloji sahədə az qala bir-birinin qanını içməyə hazır olan SSRİ və ABŞ kosmos sahəsində sıx əməkdaşlıq edirdilər. Məsələn, “Soyuz-Apollon” kosmik gəmisi çərçivəsində. Kərimov danışırdı ki, bu sırf siyasi layihə idi.

“Akademik Keldış ABŞ-da əməliyyata getmişdi və yolüstü birgə uçuş barədə razılığa gəlmişdi. Hökumətdə də Keldışın ideyasına ABŞ-la yaxınlaşmaq üçün yaxşı imkan kimi baxdılar. Amerikalılar üçün uçuş demək olar ki, havayı başa gəldi. Orbitə çıxmaq üçün onlar Ay proqramından qalan avadanlıqlardan istifadə etdilər. Biz isə etibarlılığı artırmaq üçün bir çox dəyişikliklərə getməli olduq, hər necə olsa da, bu, ilk beynəlxalq uçuş idi. Əgər biz o zaman uçuşu təxirə salsaydıq, amerikalılar bizim imkanlarımıza şübhə ilə yanaşa bilərdilər. Çünki uçuş siyasi xarakterli idi”.

Bir dəfə jurnalistlərdən biri onu SSRİ-nin ən məxfi generalı adlandırmışdı. Başqa bir jurnalist isə ona belə bir sual ünvanlamışdı: “Özünüz necə, nə vaxtsa kosmosa uçmaq istəmisinizmi?”

Cavabı maraqlı olmuşdu: ”Mənə nəinki kosmosa uçmaq, Dövlət komissiyasının sədri kimi xəstələnmək belə qadağan idi”.

1991-ci ildə istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsməmiş, Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdu. İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə, general-leytenant Kərim Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına, iki dəfə “Lenin” ordeninə, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülmüş və çoxlu medalla təltif olunmuşdu. O, həmçinin Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunub, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilib.

2003-cü ildə Moskva şəhərində vəfat edib və orda da dəfn olunub.

Fizuli bəy deyir ki, Moskvada onun adını daşıyan böyük təhsil kompleksi var. “Hər il ad günü ərəfəsi kosmik tədqiqatlarla bağlı orada müsabiqə keçirilir. Münsiflərə sədrlik isə mənə tapşırılır. Bir azərbaycanlı kimi mən bundan qürur duyuram. O, böyük azərbaycanlı idi, öz ölkəsini də çox sevirdi”.

Fizuli Fərəcov deyir ki, onunla ilk dəfə 1984-cü ildə, “Buran” kosmik gəmisinin yığımı zamanı tanış olub. “O, SSRİ müdafiə naziri Ustinovun sədri olduğu komissiyanın tərkibində bizim zavoda gəlmişdi. Fövqəladə dərəcədə ziyalı və intellektual adam idi. Sadə, təmənnasız. Deməzdin ki, yanındakı sovet kosmonavtikasının əsaslarından birini qoyan adamdır. O vaxta qədər biz onun adını bilmirdik. Sonradan öyrəndik ki, azərbaycanlıdır. Onunla eyni dövrdə yaşamışıq. Amma bir az da keçsin, biz onda biləcəyik ki, o, hansı nəhənglikdə bir azərbaycanlı olub”.

(lent.az)

Oxşar xəbərlər

Son xəbərlər