05
ноября
2019
14:20
Neymar onu söyən azarkeşi vurdu, lakin...
Fransanın "PSJ" komandasının və Braziliya millisinin hücumçusu Neymar "Renna" azarkeşini vurduğu üçün məhkəmədən canını qurtara bilib. Ulduz futbolçuya qarşı cinayət işi açılmayıb, yalnız yazılı xəbərdarlıq edilib.
MAY.AZ-ın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə "France Press" yazır.
"Renna" azarkeşi ilə Neymar arasında münaqişə Fransa Kubokunun final matçından sonra baş verib. Neymar gümüş medal dalıyca gedərkən rəqib komandanın fanatından öz ünvanına təhqiramiz sözlər eşidib və qəzəblənərək onun çənəsindən vurub.
Həmin şəxs məhkəməyə müraciət etsə də, istədiyinə çatmayıb. Prokurorlar Neymarın elektron ünvanına xəbərdarlıq göndərməklə kifayətləniblər.
Lakin zərərçəkənin vəkili bu qərarı "zorakılığa bəraət" adlandırıb: "Eyni hərəkəti azarkeş oyunçuya qarşı etsəydi, məhkəmə qarşısında çıxarılmış və, bəlkə də, həbs cəzası almış olardı".