28
июля
2016
14:29
Bakıdan Batumiyə ilk avtobus reysi yola düşdü
Sərnişinlərin internetə çıxış imkanları mövcuddur.
“Bakı-Batumi reysi Gürcüstanın paytaxtı Tbilisi şəhərindən keçməklə həyata keçirilir. Reys həftənin 1, 2, 3-cü günləri saat 18:00-da yola düşür. Təxminən səhər saat 08:00, 09:00 radələrində Batumiyə çatır. Gediş haqqı 35 manatdır. Beş yaşına qədər olan uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə - red.) pulsuzdur.
Beş yaşından on yaşa qədər uşaqlar üçün isə biletin qiyməti yarıdır. Yəni, biletin qiymətinin 50%-i ödənilir. Əgər sərnişinlər istəsələr beş yaşına qədər olan uşaqlar üçün də yarı qiymətinə bilet əldə edə bilərlər”.
Bu barədə May.Az-a açıqlamasında “Azerbaijan Ground Service” Məhdud Məsuliyyətli Cəmiyyətinin böyük mütəxəssisi Məhəmməd Abdullayev bildirib.
Onun sözlərinə görə, hələ ki, ilk reysdir və sərnişinlərin maraqları çoxdur:
“İyulun 27-də ilk reys yola düşüb və təxminən 20-dən çox bilet satılıb. Avtobus yola düşən saatlara, yəni 18:00-ə qədər də bilet satışı davam etdirilib.
Digər günlər üçün də satış on gün əvvəlcədən satış kassaları vasitəsilə keçirilir. Həmçinin on gün əvvəlcədən də “Bakı Beynəlxalq Avtovağzal”ın rəsmi saytına daxil olaraq onlayn bilet əldə etmək mümkündür”.
M.Abdullayev əlavə edib ki, tələbat çoxalarsa, biletin qiymətinin aşağı salınması ilə bağlı təkliflərimizi daşıyıcı şirkətlərə çatdıracağıq:
“Qiymətlər hər iki tərəfdən daşımaları həyata keçirən şirkətlərin (həm Gürcüstan, həm də Azərbaycan) razılığı əsasında tətbiq edilir. Biletin qiymətləri müqavilədə iştirak edən şirkətlərin razılığı əsasında və hər iki respublikanın müvafiq orqanları tərəfindən təsdiq edilib.
Ona görə də qiymətlərin aşağı salınması məsələsinə Bakı Avtovağzalı müdaxilə edə bilməz. Əgər sərnişinlərdən təklif gələrsə, daşıyıcı şirkətlərə (Türkiyənin “Metroturizm” şirkəti – red.) öz təkliflərimizi verə bilərik”.
M.Abdullayev avtobusda yaradılan şərait ilə bizi tanış etdi:
“Avtobus ikimərtəbəli və komfortdur. Avtobusda 80-ə qədər oturacaq yeri var. Oturacaqların sayı, hələ ki, müraciət edən sərnişinlərin tələbatını artıqlaması ilə yerinə yetirir. Hazırda bu istiqamətdə bir avtobus reysi həyata keçirilir. Əgər gələcəkdə sərnişinlərin sayı artarsa, reyslərin də sayını artıracağıq.
Salonda monitorlar quraşdırılıb, həmçinin kondisionerlər və Wi-Fi ilə təchiz edilib. Sərnişinlər yol boyu su və çay ilə təmin ediləcəklər. Bu daşıyıcı şirkətlərin öz təşəbbüsüdür və xidmət haqqına əlavə edilməyəcək. Beləliklə, havaların isti keçməsinə baxmayaraq, sərnişinlər heç bir problem yaşamadan Batumiyə çatacaqlar”.
Məhəmməd Abdullayev digər istiqamət üzrə həyata keçirilən reyslər barəsində də məlumat verdi:
“İyulun əvvəlindən Türkiyənin “Metroturizm” şirkətinin iştirakı ilə Bolqarıstana reyslər açılıb. Reys həftənin 2, 4, 6-cı günləri həyata keçirilir. Reys günorta saat 12:00-da yola düşür. Sərnişinlər Bakıdan İstanbula qədər Bakı-İstanbul avtobusu ilə yola salınır. İstanbuldan isə Bolqarıstanın Sofiya, Varna şəhərlərinə gedən avtobuslar vasitəsilə sərnişinlər təyinat nöqtələrinə çatdırılır.
Gediş haqqının qiyməti 130 manatdır və sərnişinlərin nəzərinə çatdırırıq ki, bu ölkəyə səfər etmək istəyən sərnişinlər Bolqarıstanın Azərbaycandakı səfirliyinə müraciət edib viza əldə etməlidirlər.
Mövsüm ilə əlaqədar həmçinin “Metroturizm” şirkəti Türkiyənin turizm şəhərləri hesab edilən Antalya, Bodrum, Quşadası şəhərlərinə də reyslərə başlayıb. Biletin qiyməti 120 manatdır. Yenə sərnişinlər İstanbuldan avtobuslar vasitəsilə həmin şəhərlərə çatdırılacaq.
Hazırda sərnişinlər bu reyslər barəsində məlumatlı deyillər, amma onların sayının artacağını düşünürəm. Bu istiqamətdə ilk reys artıq həyata keçirilib”.
Bakı-Batumi istiqamətində olan ilk reysin sərnişinlərindən olan Azər Qasımov bildirdi ki, yeni reys əlavə vaxt itkisinin qarşısını alır:
“Birbaşa Bakı-Batumi reysinin açılması olduqca qənaətbəxş və əlverişlidir. Bunu ağıllı təklif olaraq görürəm. Belə ki, əvvəllər Batumiyə getmək üçün bir neçə marşrut dəyişirdim. Amma indi birbaşa təyinat nöqtəsinə çatmaq olur, eləcə də Batumidən yenidən bilet alıb geri qayıtmaq mümkündür. Bu isə əlavə vaxt itkisinin qarşısını alır”.
Sərnişinlərdən Samir Əfəndiyev isə qeyd etdi ki, əvvəllər bu istiqamət təxminən 10% baha başa gəlirdi:
“Biletin qiyməti normaldır. Əvvəllər bu istiqamətdə getmək təxminən 10% baha başa gəlirdi. Belə ki, Batumiyə çatmaq üçün Tbilisiyə gəlmək, ordan isə bir neçə marşrut dəyişmək lazım idi və bu, əlavə xərc tələb edirdi. Belə ki, Bakıdan Tbilisiyə 13 manat, oradan isə 27 manat verib Batumiyə çatırdıq. Bu isə təxminən 40 manat demək idi.
Yəni, hazırda təklif olunan biletin qiyməti elə də baha deyil və gəlirləri az olan şəxslər də Batumini görə bilər. Avtobus kondisionerlər ilə təchiz edilib və komfortdur. Yeni reys əlavə vaxt itkisinin də qarşısını alacaq”.
İrandan Azərbaycana gələn və bu ölkədən keçərək Gürcüstanın Batumi şəhərinə gedən həmyerlimiz Hüseyn Kəlami isə hazırda hər şeyin qaydasında olduğunu və komfortun onu təmin etdiyini bildirdi:
“Ötən il ailəm ilə birlikdə Azərbaycana səfər etdik və bu ölkənin gəzməli, görməli yerlərində olduq. Bu dəfə isə istədik ki, məhz Azərbaycandan keçərək Gürcüstana, Batumiyə gedək. Şükürlər olsun ki, hələ ki, hər şey qaydasındadır. Bundan əlavə düşünürəm ki, vaxt itkisi olmadığı üçün təklif olunan variant daha uğurludur. Bu, bizim üçün ilk reysdir, ümid edilrəm ki, bu həm bizim, həm də Azərbaycan üçün daha uğurlu olacaq”.