06
октября
2019
19:51
Deputat Murad Dadaşova cavab verdi - "Neft xalqındır"
Xəbər verdiyimiz kimi, dünən tanınmış şoumen, “M Group Production” şirkətinin prezidenti Murad Dadaşovun söylədiyi “Neft mənimdir, sənindir deyənlərə bir sualım var: “Sən bu neft üçün nə etmisən?” fikri vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, məşhurun bu açıqlaması sürətlə sosial şəbəkələrdə yayılıb. İnsanların məsələyə münasibəti də fərqli olub. Onlardan böyük əksəriyyəti şoumenin fikri ilə razılaşmayıb və onu tənqid ediblər.
BiG.AZ xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Aydın Mirzəzadə BakuPost-a münasibət bildirib. O deyib ki, şoumenin bu fikri ilə razı deyil:
“Murad müəllimlə şəxsi tanışlığımız var, dostumuzdur. Mənim incəsənət xadimi kimi onun özünə və sənətinə hörmətim var. Ancaq bu məsələdə fikirlərimiz fərqlidir. Bu fikir doğru deyil.
Təbii sərvətlərin hamısı xalqındır. Eləcə də, neft. Təbii sərvətlərdən gələn gəlirlərdə hər kəsin payı var. Ondan gələn gəlir hər bir kəsə düşür. Bilirsiniz ki, neftdən qazanılan gəlir ölkədə müxtəlif istiqamətlərdə istifadə olunur.
Bura silahlı qüvvələrimizin saxlanılması, təhlükəsizliyimizin qorunması, səhiyyə ocaqlarının saxlanılması, təhsil ocaqları, orta məktəblər, ali məktəblərin yaradılması, müxtəlif yenidənqurma və abadlıq işlərinin aparılması, əmək haqlarının, təqaüdlərin verilməsi və xeyli başqa məsələlər aiddir.
Mən bir daha qeyd edirəm: bütün bu işlərdə bütün vətəndaşların iştirakı və payı var. Neft xalqındır!”