Minimum əməkhaqqının bir ildə iki dəfə artırılması rifahın yaxşılaşdırılmasına xidmət edir - RƏY
Sosial 606

Minimum əməkhaqqının bir ildə iki dəfə artırılması rifahın yaxşılaşdırılmasına xidmət edir - RƏY

Minimum əməkhaqqının bir ildə iki dəfə artırılması rifahın yaxşılaşdırılmasına xidmət edir - RƏY


Son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması üçün dövlət tərəfindən ciddi sosial-iqtisadi islahatlar həyata keçirilir. Həmin islahatlardan biri minimum əməkhaqqının və pensiyaların artırılmasıdır. Ölkə başçısının qərarları əhali tərəfindən də müsbət qarşılanıb.

İslahatlar əhalinin sosial rifahında həlledici rol oynamaqla yanaşı, 2015-ci ilə qədər iqtisadi aktivliyin sürətlə bərpasına, həmçinin, cəmiyyətdə mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşmasına təkan verir.

Qəbul edilən qərarlar əhalinin dövlətə olan inamının artmasında və ölkə rəhbərliyinin nüfuzunun daha da gücləndirilməsində, sosial sabitliyin qorunub-saxlanılmasında və əhalinin maddi vəziyyətində yaşanan problemlərin aradan qaldırılmasında mühüm rol oynayır. Aparılan islahatlar insanların yaşayış yerlərindən, yaş və təhsil səviyyələrindən asılı olmayaraq, müsbət təsirini göstərməkdədir.

İnsanların məşğuliyyətindən və artımlarla əhatəliyindən asılı olmayaraq, ümumilikdə əhalinin böyük bir hissəsi dövlət başçısının iyunda imzaladığı sərəncamları dəstəkləyir və nəticələrindən razı olduqlarını bildirirlər. Çünki prezident sərəncamlarının müxtəlif hədəf kütlələrinə istiqamətlənməsi onun əhatə dairəsinin təsbitini zəruriləşdirir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev Oxu.Az-a açıqamasında ilin əvvəlindən aparılan islahatların müsbət nəticələrindən danışıb.

Onun sözlərinə görə, minimum əməkhaqqının artırılması ölkə üzrə yaşayış minimumunu üstələyir:

“Ölkə başçısı bu ili sosial müdafiə və sosial rifah fəaliyyətində xüsusi il adlandırıb. Cari ilin əvvəlindən başlayaraq, ölkə başçısı tərəfindən iki sosial islahat istiqamətini əhatə edən 30-a yaxın fərman və sərəncam imzalanıb.

Müvafiq qanunlara əlavələr və dəyişikliklər edildi. Bu məqsədlər üçün dövlət büdcəsindən 5 milyard 200 milyon manat dəyərində vəsait nəzərdə tutuldu. Bu məbləğ insanlara sosial müavinətlər, pensiyalar, tələbə təqaüdləri, o cümlədən, büdcədən maliyyələşən bir çox kateqoriyalı təşkilatların əməkhaqlarının qaldırılması üçün sərf olunur.

Prezident İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlara əsasən, bu ilin martında 130 manatdan 180 manata qaldırılan minimum əməkhaqları sentyabrın 1-dən etibarən 250 manata çatdırılıb.

Oktyabrın 1-dən etibarən isə minimum pensiyanın 200 manata qədər artırılması nəzərdə tutulub. Artıq gələn aydan pensiyalar bu şəkildə ödəniləcək. Demək olar ki, bu tarix ərzində ilk dəfə qeydə alınan gözəl təşəbbüsdür. İl ərzində minimum əməkhaqlarının iki dəfə artırılması ölkə ərazisində insanların həyat və rifah şəraitinin yaxşılaşdırılmasına xidmət edir”.

M.Quliyev minimum əməkhaqlarının və pensiyaların artımının müəyyən hallarda bazarlarda da qiymət artımı ilə özünü göstərdiyini deyir:

“Bu, əsasən, ölkəyə idxal edilən malların qiyməti ilə bağlı olur. Yerli məhsullarda qiymət artımı o qədər də müşahidə edilmir. Bütün hallarda bu məsələdən sui-istifadə etməyə çalışan şəxslər olacaq. Lakin bu maraqlar heç də özünü doğrultmayacaq.

Şübhəsiz ki, burada maarifləndirmə işləri aparılır. Bununla yanaşı, dövlətin tənzimləyici funksiyaları işə düşür. Müvafiq qurumlar, eləcə də, İqtisadiyyat Nazirliyinin sözügedən məsələlərə nəzarət edən aidiyyəti şöbələri müşahidə aparır. Bir tərəfdən qiymətləri qaldırılan malların bazara daha çox təşviq edilməsi məsələsi var, digər tərəfdən də süni qiymət artımının qarşısını almaq üçün bazara alternativ mallar daxil olur.

Burada ən ciddi məsələ ərzaq məsələlərinin monopoliyasıdır ki, buna heç vaxt yol vermək olmaz. Hazırda müşahidələrimiz əsasında onu deyə bilərəm ki, bazar qiymətlərində elə də ciddi qiymət artımları müşahidə edilmir. Bəzi mövsümi malların qiymətlərində olan artımlar hər il olduğu qədərdir. Bu, başadüşüləndir. Amma bu, alıcılıq qabiliyyəti ilə malın dəyərinin nisbətinə baxdıqda normaldır. Ümumilikdə, bütün bu məqamlar aidiyyəti qurumların nəzarəti aldtındadır”.

Azərbaycan Respublikasının Prezidenti yanında Sosioloji Tədqiqatlar Mərkəzi ölkə vətəndaşlarının bu ilin əvvəlindən etibarən icra edilən sosial islahatlara münasibətini öyrənmək məqsədilə əhali arasında sorğu keçirib.

İyulun 7-dən 14-dək aparılan sorğu müxtəlif islahatları əhatə edib. İctimaiyyətin 87,5 faizi islahatların çox vacib və aktual olduğunu düşünür. İştirakçıların yalnız 1,3 faizi islahatlar barədə neqativ fikirlər səsləndirib. İştirakçıların 55-57-i görülən işləri “çox yaxşı” kateqoriyası ilə qiymətləndirib.

Xatırladaq ki, minimum əməkhaqqı və minimum pensiyalarla yanaşı, müəllimlərin maaşları 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları isə orta hesabla 40 faizə qədər artırılıb.

Son xəbərlər