22
июля
2019
12:43
Təhsil Nazirliyində yeni qurum yaradılır
Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb.
Bu barədə BiG.AZ -a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, İctimai Şuranın yaradılması Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.
İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyinə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurumdur.
İctimai Şura ictimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərəcək. Təhsil sahəsində ixtisaslaşan hər bir Azərbaycan vətəndaşı İctimai Şuraya üzv seçilə bilər.
İctimai Şuraya seçkilərin təşkili məqsədilə Təhsil Nazirliyinin 4 və təhsil sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsindən ibarət seçki komissiyası yaradılıb. Seçki komissiyasının ilk iclasında İctimai Şura üzvlərinin sayı, namizədlərin, seçicilərin qeydiyyatı və digər təşkilati məsələlər barədə qərar qəbul edilib.
İctimai Şuraya namizədlərin və seçici qismində çıxış edəcək vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı iyulun 22-dən avqustun 23-dək davam edəcək. İctimai Şuraya üzvlüyə namizəd şəxslərə və seçki prosesində seçici kimi iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinə dair tələblərlə nazirliyin rəsmi internet səhifəsinin elan bölməsində (https://edu.gov.az/az/page/228/16933) tanış olmaq olar.