07
мая
2019
21:57
İşçiyə az maaş verənlərin nəzərinə!
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamına əsasən, ölkəmizdə əmək haqqının minimum məbləği martın 1-dən 180 manat müəyyən olunub. Bu o deməkdir ki, iş yerlərində minimum əmək haqqının məbləği 180 manatdan az ola bilməz. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur”.
BiG.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin Elektron İnformasiya Sistemində əhatə olunub. Yəni həmin sistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqlarını real vaxt rejimində görməyə imkan verir. Əgər cari ilin 1 martına qədər hansısa işəgötürən 180 manatdan aşağı məbləğdə əmək haqqı müəyyən edibsə, martın 1-dən bu məbləğin 180 manat çatdırılması barədə işəgötürənlərin əvvəlcədən məlumatlandırılması həyata keçirilib.
Elektron sistemdə minimum əmək haqqını həmin məbləğdən aşağı müəyyən etdiyi aşkar olunan hər hansı işəgötürənə qarşı qanunvericilik çərçivəsində ciddi cərimə tədbirləri nəzərdə tutulur.