"Valideynlər uşaqlarına ad qoyanda diqqətli və hassas olmalıdırlar"
Azərbaycanda valideynlər övladlarına "XXX" və "D" adları qoymaq istəyiblər.
Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, bu, yolverilməzdi. Unutmamalıdırlar ki, övladları bu adları daşımayacaqlar. Bəlli bir zaman kəsiyindən sonra travma yaradan bu adlardan imtina edəcəklər. Zamanında mahiyyətli adlar qoymaq lazımdır ki, uşaq adı ilə böyüsün, inkişaf etsin:
"Ad valideynin uşağa verdiyi ilk hədiyyədir. Hədiyyə məzmunlu, mahiyyətli olmalıdır ki, uşaq bir ömür onu müşayiət edəcək hədiyyə ilə qürur duysun. Onunla sosiallaşsın, onu özünə kumir seçə bilsin. Adın insanın şəxsiyyətinin formalaşmasında psixoloji təsiri var. Bu baxımdan valideynlər uşaqlarına ad qoyanda diqqətli və hassas olmalıdırlar. Bəzən valideynlər serialdan və ya xaricdən səslənməsi gözəl ad seçirlər. Bu, yolverilməzdir. Adın mahiyyəti olmalıdır. Ad insanın şəxsiyyətinin formalaşmasına, hətta taleyinə təsir göstərir. "Dədə Qorqud" dastanında igidlər adı həyatda qazanardılar. "Dədə Qorqud" el ağsaqqalı kimi igidə ad qoyardı. Ərəb işğalından sonra ərəb adları çoxaldı. Bu, heç də xoş deyil. Azərbaycanda ərəb adlarının sayı çoxdur. Təklif edərdim ki, valideynlər milli adlar qoysunlar. Azərbaycan tarixində kifayət qədər şəxsiyyətlərimiz, şəhidlərimiz, elm və siyasət xadimlərimiz var. Onları yaşatmaq lazımdır. Adlar insan xarakterinə, sosiallaşmasına birbaşa təsir göstərir. Valideynlərin savadı eyni olmaya bilər. Ona görə də mahiyyətsiz adlar qoyurlar. Uşaqlar sonradan bu adlardan utanırlar, hətta yoldaşlarının steqmatik yanaşmalarına tuş gəlirlər.Orta yaşa çatanda adlarından imtina etməyə məcbur olurlar. Bəzən valideynlər arxaik, səslənməsi çətin adlar qoyurlar. Bu da uşaqların şəxsiyyət kimliyinə mənfi təsir göstərir. Günümüzdə "X", "D" adları qoymaq istəyən valideynlər də tapıldı. Hesab edirəm ki, bu, yolverilməzdi. Unutmamalıdırlar ki, övladları bu adları daşımayacaqlar. Bəlli bir zaman kəsiyindən sonra travma yaradan bu adlardan imtina edəcəklər. Zamanında mahiyyətli adlar qoymaq lazımdır ki, uşaq adı ilə böyüsün, inkişaf etsin. Adlar sadə anlayış deyil. Adlar özlərində dərin psixoloji gücü ehtiva edir. Bu baxımdan ad seçərkən diqqətli olmalıyıq".