Təcili tibbi yardımla bağlı 40 minə yaxın əsassız çağırış daxil olub - RƏSMİ
Cəmiyyət 0

Təcili tibbi yardımla bağlı 40 minə yaxın əsassız çağırış daxil olub - RƏSMİ

"Artıq bir ildən çoxdur ki, mərhələli şəkildə respublika üzrə təcili yardım stansiyaları və bölmələrinin bir çətir altında birləşdirilməsi prosesi davam etdirilir. Məqsədimiz xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin "vahid pəncərə" sistemi şəklində qurulmasıdır. Hazırda 42 rayonun təcili tibbi və təxirəsalınmaz yardım stansiyaları Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə birləşdirilib".

Oxu.Az xəbər verir ki, bu fikirləri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov deyib.

Direktor qeyd edib ki, gün ərzində yalnız Bakı üzrə təcili və təxirəsalınmaz yardım üçün 2000-2500 çağırış qeydə alınır:

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə cari ilin 9 ayı ərzində daxil olan çağırışların statistik göstəricilərinə nəzər salsaq, görərik ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində təcili yardıma 599 976 çağırış qeydə alınıb. Onlardan 62 598-i təxliyə olunub. Təəssüf ki, ötən müddət ərzində əsassız çağırışlar da az olmayıb. 9 ay ərzində 39 548 əsassız çağırış qeydə alınıb. Bu rəqəmləri ötən ilin 9 ayı ilə müqayisə etsək, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində ümumi çağırış sayı 555 736 olaraq qeydə alınıb. Müxtəlif tibb müəssisələrinə təxliyə olunanların sayı 61 032 təşkil edib. Əsassız çağırışlar isə 34 968 olub".

Direktor əlavə edib ki, bu gün Bakı şəhəri üzrə gündəlik olaraq 130-135 ambulans xəttə buraxılır:

"Ümumilikdə, respublika üzrə təxminən 1000-ə qədər ambulans istismardadır. Ölkə üzrə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin stansiya və filiallarının yeni allokasiya xəritəsi də hazırlanır. Abşeron yarımadası üçün planlama işləri artıq yekunlaşıb. Ehtiyac üzrə stansiya və filialların sayının artırılmasını da nəzərdə tutmuşuq".

Məhərrəm Əliyev



Son xəbərlər