29
марта
2019
17:53
Əlillər metropolitendən necə istifadə etsinlər? - AÇIQLAMA
Bakı metropolitenində hər ötən gün müxtəlif müsbət yeniliklərlə qarşılaşırıq.
Müsbət yeniliklərlə yanaşı, insanları düşündürən suallar da az deyil.
Bunlardan biri də metropolitenə gətirilən yeni qatarlarda olan fiziki məhdudiyyətli şəxslər üçün müəyyən olunmuş yerlərdir.
Amma sakinləri bir sual maraqlandırır? Çox gözəl və təqdirəlayiq bir addım olan bu yeni qatarlara fiziki məhdudiyyətli şəxslər necə minəcəklər? Platformalara düşmək üçün xüsusi yerlər nə zaman ayrılacaq?
Məsələ ilə bağlı anons.az-ın sualları cavablandıran "Bakı Metropoliteninin" mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov yaxın zamanlarda bu məsələnin öz həllini tapacağını bildirib:
"2018-ci ildə bununla bağlı geniş araşdırmalara başlanıldı və xüsusi işçi qurupu yaradılaraq dünya təcrübəsini öyrəndilər. Bu qənaətə gəlindi ki, xüsusi qurğulardan istifadə etməklə əlil arabasından istifadə edən sərnişinlərin metropolitendən istifadə etməsini təmin etmək mümkündür. Ötən müddət ərzində bu qurğuların bir neçəsi artıq alınıb gətirilib. Bu xidmətin təşkili məqsədi ilə 10 nəfərdən ibarət mobil işçi qurupu yaradılıb. Onların məşqləri, hazırlıqları və psixoloji hazırlıqları təmin olunub. Bu işçilər metropolitenin özünün işçiləridir.
Həmin xidmətdən istifadə etmək istəyən sərnişin ya mobil telefon vasitəsi ilə zəng vuracaq, ya telefonuna mobil əlavəni yükləyəcək, ya da "Bakı metropoliteni"nin rəsmi internet saytına daxil olaraq hansı stansiyayan gəlib, hansı stansiyaya gedəcəyi barədə sifariş verəcəklər. Daha sonra bizim mobil qurupun işçiləri onları qarşılayıb əlil arabasını həmin qurğunun üzərinə yerləşdirərək köməklik göstərəcəklər".