Avtomobil almaq asanlaşacaq
Araşdırmalar göstərir ki, yeni avtomobil almaq istəyənlər seçim zamanı kifayət qədər problemlərlə üzləşirlər. Həftəiçi işdən sonra avtosalonların əksəriyyəti bağlı olduğundan, həftəsonu isə tıxaclar ucbatından, bir-birindən uzaq məsafədə yerləşən rəsmi diler mərkəzlərinin hamısını əhatə etmək mümkün olmadığından bu proses əsəblər üçün əsl sınağa çevrilir.
Amma tezliklə hər şey dəyişəcək. Azərbaycanda və regionda ən böyük avtomobil satış mərkəzi - "Baku Auto Mall" Babək prospektində fəaliyyətə başlayacaq. Yalnız rəsmi dilerlərin təklif etdiyi çoxsaylı modellər arasında seçim etmək çox asan olacaq. Avtomobili "canlı" görmək, sükan arxasına əyləşmək, rəng və komplektasiya seçmək, test yürüşü həyata keçirmək, eyni qiymət seqmentində təklif olunan bütün modellər ilə müqayisə etmək və nəhayət bir avtomobil alaraq, daha birini lotereyada udmaq şansı əldə etmək - bütün bunlar yalnız "Baku Auto Mall"da reallaşacaq! Axşam saat 10:00-dək işləyəcək bu mərkəzdə kafe, restoran, uşaqlarla yanaşı həm də böyüklər üçün oyun zonaları (ən müasir avtomobil yarışları simulyatorları) nəzərdə tutulub.
"Baku Auto Mall" yalnız avtomobilin seçimi deyil, həm də müştərilərə bank, sığorta, tüninq, aksesuarlar, yuma-cilalama kimi kompleks xidmətlər göstərməklə onun almasını rahatlaşdıracaq. Burada həmçinin avtomobil təqdimatları, sərgilər, festivallar, foto- və videoçəkilişlər, konfranslar, internet-forumlar və s. təşkil ediləcəyi planlaşdırılıb.
"Baku Auto Mall" sayəsində avtomobil seçimi və alışı prosesi mənalı istirahət növü və ailəvi bayrama çevriləcək.