Azərbaycanda sürücü yol polisini məhkəməyə verir
Sosial 1 148

Azərbaycanda sürücü yol polisini məhkəməyə verir

Azərbaycanda sürücü yol polisini məhkəməyə verir


Son günlər sürücülər radar borclarına görə yolda hərəkət edərkən maşınlarının Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmasından narazıdırlar. Saxlanılan avtomobillərin cərimə meydançasına aparılması həmin sürücülərin şikayətçi olmasına gətirib çıxarıb.

Onlar deyirlər ki, bəzi yol polisləri nə zamansa radara düşmüş, borcları yaranmış sürücülərin maşınlarını zorla cərimə meydançalarına aparırlar. Halbuki, bəzi sürücülər radar borclarının olmasından xəbərsizdirlər. Onların sözlərinə görə, borcların olması barədə hansısa xəbərdarlıq, bildiriş almayıblar. Bu cür hadisə iyulun 20-də səhər saat 06:50 radələrində Bakıdakı Nobel prospektində yerləşən "Nargilə” kafesi yaxınlığında şəhər sakini Xalid Nağıyevin də başına gəlib.

Bu barədə vətəndaş Xalid Nağıyev özü Modern.az-a məlumat verib.

X.Nağıyev deyir ki, 99-YP-451 dövlət nömrə nişanlı maşında özünü Yol Patrul Xidmətinin əməkdaşı kimi təqdim edən inspektor Murad Vəliyev onu saxlayıb: "Bu gün səhər olan 10-VT-937 dövlət nömrə nişanlı avtomobilimi saxladan Yol Patrul Xidmətinin əməkdaşı Murad Vəliyev mənim 10 manat və 50 manat məbləğində müxtəlif vaxtlarda yaranmış radar borcumun olduğunu dedi. Mən isə bundan tamamilə xəbərsiz olduğumu yol polisinə bildirdim. Ona dedim ki, mənim bunlardan xəbərim yoxdur, bilmirəm radara nə zaman düşmüşəm və mənə bu barədə heç bir rəsmi xəbərdarlıq, rəsmi bildiriş və sənəd gəlməyib.

Yol polisi isə mənə dedi ki, bu barədə sizə evə poçtla bildiriş, xəbərnamə gəlməli idi. Mən yenidən ona belə bildiriş almadığımı deyəndə cavab verdi ki, "bunun bizə dəxli yoxdur, maşın mütləq cərimə meydançasına aparılmalıdır”. Yol polisinə dedim ki, bu qanunsuz əməldir və mənim sənədlərimin hamısı qaydasındadır, maşın heç yerə apıla bilməz. Amma buna baxmayaraq, zorla maşınımı cərimə meydançasına apardılar.

Mənə əlindəki planşetdə cəriməmin olduğunu göstərdi və dedi ki, bununla bağlı olaraq Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindəki "10-cu otaq”a yaxınlaşmalısan.

"Orada biləcəksən bu nədir”.

Həqiqətən də heç nə anlamadım. Mən bundan bir neçə gün əvvəl ASAN Xidmət vasitəsilə də yoxlayıb hər hansı radar cəriməsinin olmadığını dəqiqləşdirmişdim.
Maşınımı yol polisi Murad Vəliyev məcburi şəkildə cərimə meydançasına apardı. Belə qanunsuzluq görməmişdim. Bu barədə şikayətçiyəm və yol polisini məhkəməyə verəcəm. Çünki mənim hüquqlarım ciddi şəkildə pozulub”.

Xatırladaq ki, bu cür problemlə son günlər yalnız sadə vətəndaşlar deyil, jurnalistlər, tanınmış şəxslərdə üzləşiblər. Nə üçün radar borcu yazılan bildiriş vaxtında vətəndaşın ünvanına çatmır. Sənədləri qaydasında olan sürücünün maşını yolun ortasında saxlanılaraq, anidən cərimə meydançasına aparıla bilərmi?
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindəki "10-cu otaq”da nələr olur?

Hər halda Baş Dövlət Yol Polisi İdarəsi bütün bu suallara cavab verəcək...

Son xəbərlər