Texniki Universitetə rektor təyin olunan Vilayət Vəliyev kimdir?
Siyasət 9

Texniki Universitetə rektor təyin olunan Vilayət Vəliyev kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə Vilayət Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib.

Oxu.Az yeni təyin olunan rektorun dosyesini təqdim edir:

Vilayət Məmməd oğlu Vəliyev 1960-cı il martın 28-də anadan olub.

O, 1978-ci ildə Sumqayıt şəhəri 49 saylı texniki-peşə məktəbini bitirib, 1978-83-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tətbiqi riyaziyyat fakültəsində təhsil alıb. 1985-89-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) aspiranturasında təhsilini davam etdirib.

1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək, "Neft-qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsi alan Vilayət Vəliyev 1992-94-cü illərdə ABŞ-də "Unocal" və "Pennzoil" şirkətlərinin elmi mərkəzlərində birgə tədqiqatlar aparıb. 1994-cü ildə ABŞ-nin Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) üzvü, 2017-ci ildə İdarə Heyətinin üzvü, 2018-ci ildə regional inkişaf məsələləri üzrə vitse-prezidenti seçilib.

1995-99-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) doktoranturasında əyani təhsil alan Vilayət Vəliyev 1999-cu ildə ABŞ-nin Oklahoma Universitetində (Oklahoma ştatı, Norman şəhəri) "Tək məhsul ixracından asılı keçid iqtisadiyyatları" mövzusunda təhsil alıb və birgə tədqiqatlar aparıb.

2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunda dissertasiya işini müdafiə edərək, "İqtisadiyyatın riyazi və instrumental üsulları" ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsini alıb.

Vilayət Vəliyev 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində (fərqlənmə ilə) ikinci ali təhsil alıb.

1983-2009-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda (DNQYPİ) böyük laborant kimi çalışaraq, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, sektor müdiri və şöbə müdiri vəzifəsinə yüksəlib.

2003-11-ci illərdə (2009-cu ildən sonra əvəzçiliklə) AMEA-nın Geologiya İnstitutunda (AMEA-nın DNQYPİ ilə Geologiya İnstitutu birləşdikdən sonra) Neft-Qaz Problemlərinin İqtisadi Tədqiqi Şöbəsinin müdiri işləyən Vilayət Vəliyev 2013-cü ildə ekonometriya, iqtisadi statistika ixtisası üzrə professor elmi adını alıb.

2012-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında yarımştat professor vəzifəsində çalışan Vilayət Vəliyev 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

O, bu təyinata qədər İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.

Vilayət Vəliyev 112 elmi əsərin, o cümlədən 40-dan artıq xaricdə çap olunmuş əsərin, həmçinin bir monoqrafiya və bir dərsliyin müəllifidir. Onun elmi rəhbərliyi ilə 12 elmlər namizədi (fəlsəfə doktoru) hazırlanıb.

O, həmçinin, 2019-cu ildə Azərbaycan Dövlət Texniki Universitetinin rektoru təyin edilib.

Rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var.



Son xəbərlər