BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib
İyul ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər. Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Bildirib ki, mandatına uyğun olaraq, BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK, həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.
Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağın erməni separatçılarının "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, "xarici işlər naziri" olmuş David Babayan, eləcə də "parlament sədri" olmuş David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və "dövlət naziri" olmuş Ruben Vardanyanı həbs edərək Bakıya gətiriblər.