Bir qrup jurnalist mükafatlandırılacaq
Azərbaycan Jurnalistlər Birliyinin katibliyi ölkə mətbuatında teleradioda, eləcə də, elektron mediada çalışan və peşəkarlıqları ilə fərqlənən bir qrup jurnalisti 2024-cü il üçün Həsən bəy Zərdabi mükafatı ilə təltif etmişdir.
Müsəllim Həsənov (İctimai Televiziya) "XX yüzillik, faktlar, hadisələr, insanlar" televiziya layihəsinə, Zöhrə Əliyeva ("MədəniyyətCulture" jurnalı") çağdaş mədəniyyətimizə həsr edilən müəllif yazılarına, Nadir Məmmədli (AMEA Nəsimi adına Dilçilik İnstitutu) mətbuatda ana dlinin problemləri ilə bağlı aktual yazı və çıxışlarına görə Həsən bəy Zərdabi mükafatı ilə təltif edilmişlər.
Mükafata layiq görülənlər arasında regionda aparılan böyük quruculuq işlərindən bəhs edilən məqalələrinə görə AJB Şərqi Zəngəzur təşkilatının sədri Qafqaz Əvəzoğlu, "On yeddi illik mücadilə. Azərbaycanda sovet işğalına qarşı milli müqavimət hərəkatı (1920-1937)" və "Erməni terroru və Qriqoriyan kilsəsi" kitablarının müəllifi, "Xalq qəzeti" nin əməkdaşı, "1875.az" xəbər portalının baş redaktoru Anar Turan, mətbuatda ölkənin ictimai-siyasi həyatının mühüm aspektlərini işıqlandıran yazılarına görə "Yeni Müsavat" Media Qrupun əməkdaşı Elşad Paşasoy da var.
Həsən bəy Zərdabi mükafatlarının təqdimat mərasimi 19 iyul saat 13-00-da Atatürk Mərkəzində keçiriləcək.