Azərbaycan-Pakistan münasibətlərinin inkişafı üçün yeni perspektivlər açılır
--- 13

Azərbaycan-Pakistan münasibətlərinin inkişafı üçün yeni perspektivlər açılır

Son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması ölkəmizin müxtəlif dövlətlərlə münasibətlərinə də müsbət təsir göstərir, əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Ötən bir neçə il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif nüfuzlu beynəlxalq tədbirlərə dəvət alması, bir sıra tədbirlərdə fəxri qonaq qismində iştirak etməsi ölkəmizin artan rolunun və çəkisinin əyani təsdiqidir. Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətləri ilə ikitərəfli əlaqələri onu qitələrarası qovşağa çevirir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.

AZƏRTAC Azərbaycanın Pakistanla münasibətlərinin tarixinə və müasir dövrdə inkişafına qısa nəzər salır.

Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib.

Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib, Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. Bir məqamı da xüsusi qeyd etməliyik ki, 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib.

Siyasi əlaqələr və təmaslar

İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya rəsmi səfər edib, bir il sonra - 1996-cı ilin aprelində isə ulu öndər Heydər Əliyevin dost ölkəyə rəsmi səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyıb.

Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksəksəviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Dövlətimizin başçısının 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci il 28 fevral-1 mart tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirib.

Pakistan İslam Respublikası prezidentinin 2015-ci ildə Azərbaycana rəsmi, 2019-cu ildə işgüzar səfərləri və dost ölkənin baş nazirinin 2016-cı və 2023-cü illərdə rəsmi səfərləri Azərbaycan-Pakistan əlaqələrini daha da möhkəmləndirib, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına mühüm töhfə verib. 2015-ci il martın 11-14-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük töhfə verib.

Prezident İlham Əliyevin iyulun 11-12-sini əhatə edəcək dövlət səfəri Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfər zamanı Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə ikitərəfli görüşlər keçirəcək. Həmçinin səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 10-dan çox sənədin imzalanması nəzərdə tutulur. Ümumiyyətlə, Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazası kifayət qədər genişdir. İndiyə qədər 38 sənəd imzalanıb, 25 sənəd layihəsinə isə hazırda baxılmaqdadır.

Azərbaycan və Pakistan arasında əməkdaşlıqda dost ölkələrimizin bir-birinin haqq işini fəal şəkildə müdafiə etməsi xüsusi yer tutur. Azərbaycan Respublikasının ərazilərini işğal etdiyinə görə Pakistan bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayan və bu ölkənin müstəqilliyini tanımayan yeganə dövlətdir. Bu illər ərzində müxtəlif vaxtlarda Pakistan prezidenti, baş naziri, parlament və digər dövlət qurumları, eləcə də ordu rəhbərliyi, ictimai və siyasi xadimlər Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyən, dövlətimiz və xalqımızla həmrəy olduğunu əks etdirən müvafiq qətnamələr qəbul edib, bəyanatlar yayıblar. Pakistan Senatı 2022-ci il mayın 30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib.

Azərbaycanın Cəmmu və Kəşmir məsələsi ilə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsipləri və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanır.

Ölkələrimiz müvafiq beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans çərçivəsində də uğurla əməkdaşlıq edir, bir-birilərinə dəstək verir. Cari ilin iyununda Nyu-Yorkda keçirilmiş BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2025-2027-ci illər üzrə üzvlüyünə seçkilərdə Azərbaycan Respublikasının namizədliyi, 2023-cü il yanvarın 24-də Daşkənddə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında Şuşa şəhərinin 2026-cı ildə İƏT-in Turizm paytaxtı elan edilməsi üçün irəli sürülmüş təşəbbüs, ötən il oktyabrın 12-də BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş və yüzdən çox ölkənin həmmüəllif olaraq qoşulduğu inkişaf hüququ üzrə qəbul olunmuş qətnamə Pakistan tərəfindən dəstəklənib. Azərbaycan da Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illər üçün qeyri-daimi üzvlüyünə namizədliyinə tam dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi status alması üçün müraciətini dəstəkləyir.

Son illərdə iki ölkə liderləri arasında təmaslar daha da intensivləşib. Belə ki, həm Azərbaycanın ev sahibliyi etdiyi, həm də qatıldığı beynəlxalq tədbirlərdə iki ölkənin liderləri mütəmadi olaraq görüşürlər. Qeyd etməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının son iki sammitində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb. Bundan əlavə, ötən ilin iyununda Pakistanın baş naziri Azərbaycanda səfərdə olub.

Mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də ölkələrimiz arasında əməkdaşlığın yeni və daha güclü formatlarda da inkişaf etdirilməsidir. Bu baxımdan Astanada "ŞƏT plyus" formatında görüş çərçivəsində iyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunan üçtərəfli görüş çox önəmlidir. Azərbaycan, Pakistan və Türkiyə arasında bütün tərəflərin qarşılıqlı maraqlarına xidmət edən və regional güc birliyini şərtləndirən bu əməkdaşlıq mexanizmi və həmin görüşdə müzakirə olunan məsələlər ölkələrimiz arasında əlaqələrin bütün sahələri əhatə etdiyini göstərir. Görüşdə, iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıqla yanaşı, "Üç qardaş" şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə gətirilməsi üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin bundan sonra daha da dərinləşəcəyini deməyə imkan verir.

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanla əlaqələrimizi belə xarakterizə edib: "Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. ... Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır".

Baş nazir Məhəmməd Şahbaz Şərif isə Pakistanla Azərbaycanı bir bədəndə iki ürəklə müqayisə edib. O bildirib: "Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub. Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik".

Bu fikirlər iki ölkə arasında münasibətlərin səmimi xarakterini və strateji tərəfdaşlıq səviyyəsini nümayiş etdirir.

İqtisadi sahədə əməkdaşlıq

1995-ci ilin oktyabrında Bakıda "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Hökumət səviyyəsində Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol" imzalanıb, 2000-ci ildə isə Birgə Komissiyanın 1-ci iclası keçirilib. Bununla da iki ölkə arasında iqtisadi münasibətlərin əsası qoyulub. 2017-ci ilin fevralında Azərbaycandan ixrac missiyası Pakistanda işgüzar səfərdə olub. Həmin ilin iyulunda isə Bakıda Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 1-ci iclası keçirilib və "Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Pakistanın Ticarətin İnkişafı Qurumu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. 2019-cu ilin aprelində Bakıda Azərbaycan, Türkiyə və Pakistanın üçtərəfli sərgisi keçirilib. Pakistan Pavilyonunda 10 şirkət təmsil olunub.

Həmin ilin sentyabrında keçirilən Azərbaycan-Pakistan biznes forumunda kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti və digər sahələrdə fəaliyyət göstərən 150-dən artıq iş adamı iştirak edib, Azərbaycan Ticarət və Sənaye Palatası ilə Pakistanın Sərhəd Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, həmin ilin oktyabrında Bakıda Pakistan malları, dekabrında əczaçılıq məhsulları sərgisi təşkil olunub. Bundan sonra iki ölkədən nazirlər və biznes dairələri səviyyəsində çoxsaylı səfərlər reallaşdırılıb. 2023-cü ilin iyulunda Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Lahorda "Azərbaycan Respublikasının "SOCAR Trading" şirkəti ilə Pakistan "LNG Limited" şirkəti arasında LNG yüklərinin alqı-satqısı haqqında Çərçivə Müqaviləsi"nin imzalanma mərasimi keçirilib.

Buna baxmayaraq, Azərbaycan ilə Pakistan arasında iqtisadi və ticarət sahələrində aktivlik ikitərəfli münasibətlərin səviyyəsinə uyğun deyil. Bununla belə bu sahədə də əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial vardır. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 27 milyon ABŞ dolları təşkil edib. Pakistan tərəfi Azərbaycan şirkətlərinin bu ölkəyə sərmayə qoymasında çox maraqlıdır.

Hazırda Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərir. Pakistan şirkətləri işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak üçün də müraciət ediblər. Azərbaycan Pakistan ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini vacib hesab edir. Prezident İlham Əliyevin tapşırığı ilə, Pakistandan idxal olunan düyü məhsullarının idxal rüsumu birtərəfli güzəşt tətbiq edilməklə 2027-ci il dekabrın 31-dək 15 faizdən 0 faizə endirilib.

Azərbaycanla Pakistanın iqtisadi əməkdaşlığı üçün digər sahə isə nəqliyyat bağlantılarıdır. Belə ki, iki ölkə həm Orta Dəhliz, həm Şimal-Cənub, həm də Şərq Qərb dəhlizlərində əməkdaşlıq imkanlarına malikdir. Ötən ilin sentyabrında AZAL Bakıdan Lahora, noyabrda isə İslamabada və əks istiqamətdə birbaşa uçuşlara başlayıb. Ötən il iki ölkə arasında avtomobil yolları ilə tranzit karqo daşımalarının həcmi 33 min ton olub və bu rəqəm əvvəlki dövr ilə müqayisədə 53 faiz artım deməkdir.

Humanitar sahədə əməkdaşlıq

Azərbaycan və Pakistan bütün sahələrdə olduğu kimi, humanitar sahədə əməkdaşlığa da böyük önəm verir. Azərbaycan Hökuməti Pakistanda fövqəladə halların yaratdığı fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə indiyə qədər 9 milyon ABŞ dollarından çox yardım edib. İki ölkə arasında humanitar sahədə əməkdaşlıqda, heç şübhəsiz, Heydər Əliyev Fondu böyük rol oynayır. Heydər Əliyev Fondu tərəfindən Pakistanda bir çox sosialyönümlü humanitar layihələr həyata keçirilib. Belə ki, Fondun təşəbbüsü və dəstəyi ilə pulsuz tibbi diaqnostika və əməliyyatlar aparılıb, tibb müəssisələrinin və su təchizatı sistemlərinin tikintisinə töhfələr verilib, xeyriyyə tədbirləri təşkil edilib, əlilliyi olan şəxslər əlil arabaları ilə təmin olunub və digər xeyriyyə layihələri həyata keçirilib. 2008-ci ildə Fond tərəfindən Pakistanda zəlzələdən zərər çəkmiş qızlar üçün orta məktəb tikilib və məktəb 2012-ci ildə əsaslı təmir edilib. 2010-cu ildə Pakistanda baş vermiş sel fəlakətinin nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Pakistana 1 milyon, 2011-ci ildə 2 milyon ABŞ dolları həcmində maddi yardımlar edib. 2012-2018-ci illərdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə Həmzə Xeyriyyə Fondu xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunub, 1 ədəd təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi təqdim edilib, Xayber Göz Fondunun yeni blokunun və gözləmə otaqlarının tikintisi üçün maddi yardımlar göstərilib, Dera İsmayıl Xan bölgəsində Heydər Əliyev Su Təchizatı sistemi yaradılıb.

Bu müstəsna xidmətlərinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2013-cü ildə Pakistanın nüfuzlu "Könüllü qadınlar" təşkilatı və "Daily Times" qəzeti tərəfindən "Humanizmin Simvolu - 2012-ci İlin Qadını" mükafatı ilə təltif olunub. 2015-ci ildə isə Pakistan Prezidenti Məmnun Hüseyn Mehriban Əliyevanı "Hilal-e Pakistan" ali ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb. Mehriban Əliyeva bu orden ilə təltif olunan ilk birinci xanımdır. Pakistan Prezidenti Məmnun Hüseyn sözügedən ordeni 2015-ci il martın 11-də ölkəmizə rəsmi səfəri zamanı Mehriban Əliyevaya təqdim edib.

Bu sahədə əməkdaşlıq sonrakı illərdə də davam etdirilib. 2019-cu ilin aprelində Heydər Əliyev Fondu Müzəffərabad şəhərindəki Rara qızlar məktəbinə hədiyyələr göndərib. Həmin ilin mayında Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistan Milli Kitabxanasında "Azərbaycanşünaslıq Mərkəzi" fəaliyyətə başlayıb. 2021-ci ilin iyununda Pakistanın Xeybər Paxtunxva əyalətinin mərkəzi Peşəvər şəhərinin Universitet şəhərciyindəki prospektə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adlı verilib. Həmin ilin iyul ayında isə Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub. 2023-cü ilin dekabrında Pakistanın Milli Elm və Texnologiya Universitetində (NUST) Heydər Əliyev adına auditoriya açılıb.

Dost ölkələrimizin elm və ali təhsil müəssisələri arasında da uğurlu əməkdaşlıq həyata keçirilir. Bakı Dövlət Universiteti ilə Pəncab Universiteti, ADA Universiteti ilə Pəncab, İqra, Sialkot, Milli Elm və Texnologiya universitetləri, Azərbaycan Milli Elmlər Akademiyası ilə Lahor Dövlət Kolleci Universiteti, Azərbaycan İlahiyyat İnstitutu ilə Pakistanın Müslüm İnstitutu arasında əməkdaşlıq əlaqələri mövcuddur. Həmçinin Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzi, Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin Urdu dili kafedrası, Pakistan Milli Kitabxanasında Azərbaycanşünaslıq Mərkəzi, Pakistan Milli Kitab Fondunda Nizami Gəncəvi guşəsi və Pakistan Müasir Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, Pakistanın Lahor Dövlət Kolleci Universitetində Azərbaycan-Urdu Elmi Mərkəzi fəaliyyət göstərir. 2023-2024-cü tədris ilində 543 Pakistan vətəndaşı ölkəmizin ali təhsil müəssisələrində təhsil alıb.

Beləliklə, əminliklə deyə bilərik ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Azərbaycanın Vətən müharibəsində Qələbəsi və antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Prezident İlham Əliyevin Pakistana dövlət səfəri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət gətirərək, qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsini və uzunmüddətli vədədə dərinləşməsini təmin edəcək.




Son xəbərlər