Şahzadə Diananın sevgilisi Dodi Əl Fayedlə ilk dəfə tanış olduğu ev satışa çıxarıldı
Şahzadə Diananın sevgilisi, "Harrods" və "Fulham" futbol klubunun keçmiş sahibi, misirəsilli Məhəmməd Əl Fayedin oğlu Dodi Əl Fayedlə ilk dəfə tanış olduğu, sonra isə onunla münasibətə başladığı Londondakı ev satışa çıxarılıb.
Evə 13 milyon dollardan çox qiymət təyin edilib.
Malikanə şahzadənin ögey anası, mərhum qrafinya Reyn Spenserə məxsusdur. 1996-cı ildə Diana evdə keçirilən nahar yeməyinə qatılıb və burada da ilk dəfə Dodi və atası ilə tanış olub.
Malikanədə iki qəbul otağı, kitabxana və bir qonaq otağı var. Bina üç mərtəbədən və liftdən ibarətdir.
"Aristokratik və kral əlaqələri sayəsində biz bu evə dünyanın hər yerindən alıcılardan əhəmiyyətli dərəcədə maraq yaranacağını gözləyirik", - deyə auksionistlər bildiriblər.
Xatırladaq ki, şahzadə Diana 1997-ci ilin 31 avqustunda Parisdə milyarder Dodi Al-Fayed ilə birlikdə tüneldə avtomobil qəzasında ölüb. Qəzadan əvvəl onların olduğu avtomobili paparassilər təqib edib.