Natiq Qasımov SAĞDIR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Natiq Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi ilə bağlı Sərəncam imzalayıb.
Vaxtilə Natiq Qasımov ilə bağlı hadisələr ictimaiyyətə aydındır. Onunla bağlı xarici jurnalistlər tərəfindən film də çəkilərək yayımlanıb. Fimdə bilavasitə Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş keçmiş hərbçilər də danışıb. Keçmiş erməni hərbçilər onun necə əsr götürüldüyünü, hansı işgəncələrə məruz qaldığını etiraf etsə də, bəzi məqamlar qaranlıq olaraq qalmaqda davam edir. Artıq Xocalıda və işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlıların qalıqları tapılır və şəxsiyyətləri müəyyən olunub. Amma Natiq Qasımovdan hələ də xəbər yoxdur. Zaman-zaman əsr götürülən azərbaycanlılar arasında sağ qalanların xəbərlərini eşidirik. Bəs Natiq Qasımovun sağ qalma ehtimalı var?
Mövzunu Sonxeber.az-a şərh edən hərbi ekspert Səxavət Məmməd deyib ki, Azərbaycanda çox vaxt bu məsələlər ilə bağlı əfsanələr dolaşır.
"Hətta müharibə vaxtı müəyyən informasiyalar çıxdı. Hansısa istiqamətdə bir nəfər hərbçini zəncirə vurublar. Sonradan məlum olub ki, bunların hamısı yalandır. Bu vaxta qədər Natiq Qasımovu ermənilərin sağ saxladığını düşünmürəm. Bundan əlavə o vaxtı çoxsaylı əsrlər olub. Ona görə də insanlar düşünə bilər ki, hər kəs sağ qalıb. Məsələ ondadır ki, hazırda meyiti tapılanlar və şəxsiyyəti məlum olanların konkret olaraq yeri bilinir. Onlar haqqında zamanında informasiyalar yığılıb. Natiq Qasımov və digərlərinin sağ qalması ehtimalı azdır. Ermənilər Azərbaycan tərəfinə heç mina xəritələrini vermir. Buna görə də, qətlə yetirdikləri insanların yerini belə deməzlər".
Ekspertin sözlərinə görə, Natiq Qasımovun meyitinin tapılma ehtimalı mümkün olmaya bilər:
" Fərrux istiqamətindən əməliyyat keçirən zaman məlum oldu ki, hər tərəfdə insan qalıqları var. Darmadağın olmuş sümüklərin kimə məxsus olduğunu elm belə müəyyən etməkdə çətinlik çəkəcək. Ona görə də biz bilmirik ki, Natiq Qasımov meyiti tapılacaq yoxsa yox. Əgər Natiq Qasımovun meyiti ermənilər tərəfindən yandırılıbsa, onun tapılması mümkün olmayacaq. Azərbaycanda bir çoxları düşünür ki, onlar Natiq Qasımovu sağ saxlaya bilərlər. Amma bu real görünmür. Çoxsaylı insanlar var ki, ciddi şəkildə döyüşüblər və ermənilərin başını ağrıdıb. Ermənilər onların heç birini sağ saxlamayıblar. Tarixə baxsaq 30 ildən çox vaxt keçib. Bu illər ərzində kiminsə sağ qalması reallığı əks etdirmir. Ola bilər ki, həmin şəxslər hardasa qala bilər yaxud bir nəfər tərəfindən saxlanılır. Saxlayanlarda onların azərbaycanlı olduğunu bilməyəcək. Dəfələrlə olub ki, əsr düşənləri evlərində çoban kimi saxlayıblar. Bu cür əfsanələr hələ çox olacaq. Amma reallıq onu deyir ki, Natiq Qasımovun sağ qalma ehtimalı yoxdur".