Воскресенье
дек 10

Prezidentin səfəri Serbiya mətbuatının diqqət mərkəzində: "Bakı getdikcə əhəmiyyətli qlobal aktora çevrilir"

Serbiya mətbuatında Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərinə geniş yer ayırıb.


Serbiyanın nüfuzlu "alo.rs" nəşrində dərc olunan məqalədə bildirilir ki, Niş-Sofiya qaz kəməri kimi tanınan əhəmiyyətli layihə Serbiya və Qərbi Balkanlar regionunda qaz təchizatı təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır. Azərbaycan isə bu layihənin icrasında çox mühüm rol oynayır.


Diqqətə çatdırılır ki, Azərbaycan 2026-cı ilə qədər Serbiyaya hər il 400 milyon kubmetr qaz tədarük edəcək, 2027-ci ildən isə bu həcm üç dəfə arta bilər.


"Serbiya-Bolqarıstan qaz kəməri layihəsi 24 milyon avrodan çox qiymətləndirilir və onun həyata keçirilməsi üçün 109 kilometr yeni boru kəməri çəkilib", - deyə məqalədə vurğulanır.


Nəşrdə İlham Əliyev və Aleksandr Vuçiçin sonuncu dəfə ötən ilin noyabrında Belqradda Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum imzalanarkən görüşdükləri də xatırladılır.
"Bu tərəfdaşlıq liderlərin həmin ilin dekabrında Bakıda keçirilən növbəti görüşündə bir daha təsdiqlənib. Prezidentlər arasında bugünkü görüş uğurlu əməkdaşlığın dərinləşdiyini sübut edir. Serbiya və Azərbaycan arasında əməkdaşlıq müxtəlif sahələri, o cümlədən siyasi, iqtisadi, indi isə enerji əməkdaşlığını əhatə edir. Serbiya ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri 2013-cü ildə imzalanmış Dostluq Münasibətləri və Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə Tərəfdaşlığa dair Birgə Fəaliyyət Planı ilə gücləndirilib. İki ölkə bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşan strateji tərəfdaşdır.


Azərbaycan getdikcə əhəmiyyətli qlobal oyunçuya çevrilir. Ölkə eyni zamanda bərpaolunan enerji sahəsində liderlik edir. Rəsmi Bakı Aİ, Gürcüstan, Macarıstan və Rumıniya ilə Yaşıl Enerji Dəhlizi haqqında saziş imzalayıb, Qara dənizin altından sualtı kabel vasitəsilə Avropanı Xəzər dənizindən bərpaolunan elektrik enerjisi ilə təmin edəcək. Azərbaycan Xəzər dənizində və regionda ən böyük günəş enerjisi layihəsinə sadiqliyini, eləcə də Dünya Bankı tərəfindən təqribən 157 GVt qiymətləndirilən dəniz külək enerjisi üçün böyük potensialını vurğulayır.


Qarşıdakı dövrdə Azərbaycan COP29, iqlim dəyişikliyi ilə mübarizədə həll yollarının tapılmasına yönəlmiş konfrans və BMT-nin yaşayış məntəqələri üzrə proqramının (Habitat) təşkilatçılığı ilə 2026-cı ildə Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası kimi mühüm qlobal tədbirlərə ev sahibliyi edəcək. Şübhəsiz ki, Azərbaycan böyük tədbirlərin təşkili təcrübəsi ilə Serbiyaya 2027-ci il Ümumdünya Sərgisinə hazırlaşmaqda böyük köməklik göstərəcək", - deyə məqalədə qeyd edilir.(oxu.az)

Комментарии (0)

Оставить комментарий