11
ноября
2018
13:43
Baş ağrılarından xilas olmağın TƏBİİ YOLLARI
Baş ağrısı insanın həyatı və yaşayışına mənfi təsir edən tibbi simptomlardan biridir. Elə isə baş ağrılarından xilas olmaq və ya azaltmaq üçün nə etmək lazımdır? Türkiyəli həkim-mütəxəssis Ayça Kayanın bununla bağlı məsləhətlərini təqdim edirik.
Baş ağrılarının yüksək təzyiq, miningit, başın içində baş verən zədələnmələr, beyin şişləri kimi müxtəlif və çox ciddi səbəbləri var. Lakin baş ağrılarının 90 faizi miqren və gərilmə ilə bağlıdır. Həkim bildirir ki, miqren və gərilmə tipli baş ağrıları ilə tez-tez rastlaşanlar aşağıdakı məsləhətlərə əməl etsələr, bu narahatlığın öhdəsindən gələ bilərlər.
Yaxşı yatmaq və yuxu almaq vacibdir
Qaranlıq və səssiz bir otaqda fasiləsiz yatsanız, səhəri günü baş ağrılarınız azalacaq. Qaranlıqda və yuxuda ifraz edilən melatonin və böyümə hormonları həm metabolizmanı nizamlayır, həm də immunitet sistemini yaxşılaşdırır. Daha az baş ağrısı üçün yaxşı yuxu vacibdir. Buna görə də gecə ən geci saat 23:30-da yatağa girin və ən tez 06:30-da oyanın. Minimum 6, maksimum 8 saat yuxu kifayətdir. Əgər çox yatsanız, paradoksal olaraq baş ağrısı yarana bilər.
Düzgün qidalanın
Düzgün qidalanma da baş ağrısı yaşamamaq üçün ən azı yuxu qədər vacibdir. Əgər insulin müqavimətiniz və ya şəkəriniz aşağı düşürsə, uzun müddət ac qalmaq baş ağrılarına səbəb olur. Buna görə də aclıq hiss etdiyiniz an bədəninizə düzgün qidalarla cavab vermək lazımdır. Burada da qan şəkərini sürətlə yüksəltməyən qidalar seçilməlidir. Məsələn, qlisemik indeksi aşağı olan qidalardan turş meyvələr, süd, qatıq, ayran, quru paxlalılar, bulğur və qara çörək yemək olar.
Spirtli içkiyə "yox" deyin
Yüksək miqdarda spirtli içki baş ağrılarının yaranmasına səbəb olur. Spirtli içki həm susuzluğun yaranmasına, həm də şəkərin aşağı düşməsinə səbəb olur, bununla birlikdə beyin damarlarını genişləndirir və baş ağrılarının yaranmasına gətirib çıxarır. Spirtli içki içmək istəyirsinizsə, spirt dərəcəsi aşağı olan pivə, şərab seçməniz daha doğru olar. Spirtli içkidən sonra bədəndə susuzluq yaranır, bu da qan dövranına təsir etdiyi üçün 2 litrə qədər su içməyə ehtiyac yaranır. Əgər başınız tez-tez ağrıyırsa, spirtli içkini həyatınızdan çıxarın.
Kofein tərkibli içkilərdən uzaq durun
Həddən artıq kofein tərkibli içkilərdən (kofe, çay və s.) uzaq durmaqda fayda var. Kofein hər nə qədər damarlarda qısılma yaradaraq baş ağrılarına yaxşı təsir etsə də, gündə 3-4 fincandan çox qəhvə içmək bədəndə su itkisinə və onun dövranına, eləcə də yuxusuzluq yaradaraq baş ağrılarının şiddətlənməsinə yol açır. Tez-tez qəhvə içmək və ya ondan birdən-birə tamamilə imtina etmək də baş ağrılarına səbəb olur.
Süfrədən duzu götürün
Gündəlik duz qəbulunu azaltmaq baş ağrıları riskini azaldır. Gizli duzu yüksək olan qidalardan (duzlu pendir, biskvitlər, konservləşdirilmiş qidalar, çərəzlər və s.) uzaq durun. Süfrələrdə duzlu qidaları azaldın.
B vitamini və maqnezium qəbul etmək vacibdir
B qrup vitaminləri ilə zəngin formada qidalanmaq da baş ağrısını azaldır. Xüsusən də B2 vitamini bu mövzuda daha təsirlidir. Qatıq suyu B2 vitamini baxımından çox zəngindir. Bununla birlikdə, ət, süd məhsulları, yumurta və yaşıl yarpaqlı tərəvəzlər süfrələrdən əskik edilməməlidir.
Maqnezium nisbəti yüksək olan qidaların da əzələləri bərkitdiyi və sinir sisteminə yaxşı təsir etdiyi məlumdur. Quru paxlalılar, yağlı toxumlar, banan və yaşıl yarpaqlı tərəvəzlərin kifayət qədər yeyilməsi bədən sağlamlığına yaxşı təsir edir və baş ağrısı təhlükəsinin qarşısını alır.
İdman edin
Yaxşı metabolizma üçün düzgün qidalanmaq qədər hərəkət etmək də vacibdir. Yaxşı yatmaq üçün bədənin yorulması lazımdır. Eyni zamanda, ürək ritmini yüngül sürətləndirən məşq və idman hərəkətlərinin gündə 30-45 dəqiqə arasında edilməsi məsləhətdir. Bu, bədəndə beyin daxil olmaqla bütün hüceyrələri qoruyur. Buna görə də hər gün 30 dəqiqə sürətli yerimək lazımdır.
Qeyd:
Bütün bunlara baxmayaraq, tez-tez güclü baş ağrısı ilə rastlaşırsınızsa
Baş ağrılarınız başınızın arxa tərəfində başlayıb sıxıcı bir formada bütün beyninizi əhatə edirsə
Yeni başlayan və şiddətlə davam edən baş ağrınız varsa
Baş ağrısına ürək bulanması və qusma da yoldaşlıq edirsə
Başınızın içində "bomba var" kimi ağrı hiss edirsinizsə, demək, baş ağrılarınızın yaranmasına daha ciddi səbəblər var.
Buna görə də mütləq həkimə müraciət edin!