21
августа
2018
21:45
"O qədər qudurmuşam ki, şəhid anasını diz çökdürüm?" - Manaf Ağayev
Manaf Ağayev bu qədər qudurub ki, şəhid anasını diz çökdürə? Nə qədər məntiqsiz olmalısan ki, Manafın şəhid anasını diz çökdürdüyünü yazasan. Şəhid verməmisinizsə, Qarabağda yaşamasısınızsa şəhid anasının necə müqəddəs olduğunu bilməzsiniz. Evimi, eşiyimi, babamın, nənəmin qəbrini Qarabağda qoymuşam, oğlumu, əzizimi öldürsə də, şəhid anasına heç nə demərəm. Şəhid anası anam qədər mənə doğmadır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Manaf Ağayev həmkarı Mətanət Əsədovanın videosunu yayan şəxsin anasının qarşısında diz çökdüyü barədə yayılan xəbərlər barədə danışarkən deyib.
Onun sözlərinə görə, yayılan xəbərlərdə yanlışlığa yol verilib: "Şəhid anası Mətanətə zəng edib ki, sənə qurban olum, şəhid anasıyam, günahından keç. O da qayıdıb ki, mən də, Manaf da sənə qurban olaq, şəhid anasısan, bizdən niyə üzr istəyirsən. Kim şəhid anasını diz çökdürüb? Bütün günü qeyrətdən danışan Manaf Ağayev? Manaf Ağayev şəhid vermiş oğlandır. Pəncalı Teymurovun, əmim oğlu Əlvan Ağayevin qəbri üstündə "Vətən oğlu" mahnısını ifa etmişəm. Mən şəhid anasının qarşısında diz çökməyə hazıram. Şəhid anası məni görüb ki? Telefonda Mətanət Əsədovaya zəng edib ki, qarşında yaylıq atım, oğlumun səhvini bağışla. O da dedi ki, ana, sənə qurban olum, elə demə. Manaf da, oğlun da sənə qurban olsun, belə sözlər demə".
Manaf Ağayev həmkarı Mətanət Əsədovanın videosu ilə bağlı yaranan situasiya barədə isə bunları deyib: "Mənə dedilər ki, Mətanətlə yaxınsan, hörmətli oğlansan, gələk, üzr istəyək məsələni yoluna qoy, səhvdir olub. Dedim, vallah camaatın qızını biabır eləmisiniz, gəlin gedək yalvaraq. Mətanəti çağırdıq, gələn adamlar dedilər, şəhid ailəsidir, anası səninlə danışmaq istəyir. Mətanət deyib ana, sən niyə üzr istəyirsən, o uşaq gəlsin üzr istəsin, məsələ bağlansın. Uşaq da gəldi, üzr istədi, dedi bağışla, bir səhvdir etmişəm, çıxdı getdi. Bilmirlər reytinqi necə əldə eləsinlər. Yazırlar ki, şəhidin anası, qardaşı Manafın qarşısında diz çöküb. Manaf axı şəhid tərəfindən gəlmişdi ki, Mətanət, keç bu uşağın günahından. O şəhid anasına deyəcəyəm, çıxıb məsələyə aydınlıq gətirsin. Allahdan savayı heç kəsdən qorxmuram, məsələnin mənə aidiyyatı yoxdur, boşuna əsəbiləşirəm. Yazaydılar da, Manaf Ağayev intihar etmək istəyən dünya çempionunu xilas elədi. Yalvardım ki, qurban olum, başına dönüm, düş sənə kömək edəcəyəm. Bu barədə kim yazdı? Manaf irəli gedəcəkdi deyə yazmadılar. Amma "Manaf diz çökdürdü" başlığı ilə dayanmadan yazırlar. Mən qarabağlıyam, "Vətən oğlu" mahnısını oxuyan oğlanam, qara ləkə götürmürəm. Bakı balaca şəhərdir, hamı hamını yaxşı tanıyır, kim nə edir bəllidir, dilimə görə dilçəyim də var".
Qeyd edək ki, məclislərin birində müğənni Mətanət Əsədovanın spirtli içki içərkən çəkilən videosu sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Müğənni Manaf Ağayevin yaxın dostu və həmkarı Mətanət Əsədovanın videosunu yayan şəxsi "razborka"ya çağırdığı və şəhid anasını qarşısında diz çökdürdüyü barədə informasiyalar yayılıb.