Sabah olmayacaq - Tanınmış yazıçı Nağılbaz barədə
Şou-biznes 721

Sabah olmayacaq - Tanınmış yazıçı Nağılbaz barədə

Sabah olmayacaq - Tanınmış yazıçı Nağılbaz barədə


Uzun müddətdir yazıya köklənə bilmirəm, içimdə uçurum qədər dərin bir boşluq yaranıb. Yazı-pozudan biryolluq uzaqlaşmaq haqda düşündüyüm bir zamanda Anar Nağılbazın qəfil ölümü köksümdən ağır bir zərbə kimi dəyib məni silkələdi. Artıq bizim nəslin də sıraları seyrəlməkdədir. Bu sətirləri yaza-yaza düşünürəm ki, əslində bizim nəsil də itirilmiş nəsil oldu; zamanın qovğalarında, keçid dövrünün dolanbaclarında itib-batdı bu nəsil...

Anar Nağılbaz bizim mənsub olduğumuz nəslin ən istedadlı gənclərindən biriydi. O, 90-cı illərdə Azərbaycana repi ilk gətirənlərdən oldu, milyonların sevgisini qazandı, o dövr gəncliyinin kumirinə çevrildi. Qısa bir zamanda şöhrətin zirvəsinə qalxdı. Anar bəstələrinin sözünü də özü yazırdı və bu musiqilərdə köhnə və yeni Bakı ustalıqla sintez olunurdu. Onun bəstələrində qədim Bakı nostalgiyası var. Elə o illərdə özünün çəkdiyi "Bakı oğrusu" filmində də Bakının yazılmamış qanunları öz əksini tapmışdı.

1998-ci ildə özümə bir "Jiquli" almışdım və maşınımda Anar Nağılbazın o vaxt yeni çıxmış "Sabah olmayacaq" adlı kaseti də vardı, gecə-gündüz o kaseti oxudurdum. İndi repi heç sevmirəm, görünür yaşla bağlıdır. Amma gəncliyimizin unudulmaz mahnıları içində Anarın çılğın repinın ayrıca yeri vardı. 90-cı illərdə Azərbaycanda rep küləkləri əsməyə başlayanda Anar bu küləyi qasırğaya çevirdi, onun ilk rep soundu "Kasıbların mahnısı" idi və bununla da onun sənət ulduzu parladı. Özünə geniş tamaşaçı kütləsi yığan Anar repin inkişafına öz töhfələrini verdi. Bu gün repin sevilməyində Anarın danılmaz payı var.

3 il bundan öncə xəstəxanada birlikdə yatmışdıq. O da qaraciyərdən yatırdı. Mənə gələcəklə bağlı arzularından, planlarından danışmışdı, film layihəsi vardı. Mənəvi ağrılar onu rahat yaşamağa qoymurdu. Şəxsi həyatındakı uğursuzluqlar da ona böyük zərbə oldu. Anar əvvəlki şöhrətini qaytarmağa can atırdı, amma hansısa qüvvə ona yenidən ayağa qalxmağa mane olurdu. Maddi problemlər ona ideyalarını gerçəkləşdirməkdə mane olurdu, buna görə də depressiya yaşayırdı.

Xəstəxanada yatanda axşamlar oturub saatlarla domino oynayırdıq. Orda müalicə aldığını hamıdan gizlədirdi, zəng vuranlara "istirahətdəyəm" deyəndə üzündəki ironiya məni kədərləndirirdi... O vəziyyətində də zarafatlarından qalmırdı. Bir axşam domino oynamaqdan yorulanda dedi ki, bir şeir oxu, qulaq asaq. Oxudum, dedi bunu bir də oxu. Şeiri üç dəfə mənə oxutdu. Dedi sən niyə bəstəkarlarla işləmirsən? Dedim bu haqda heç vaxt düşünməmişəm. Bir xeyli fikrə getdi, dedi bəlkə mən bu şeirə bir mahnı yazım? Xoşuna gəldisə, yaz dedim. Səhər şeiri əzbərdən dedi. Yaddaşına heyrət etdim. Palatada bir şəkil çəkdirmişdik. Dedi sən Allah, feyzbukda paylaşma, heç kim bilmir burdayam. Yaxşı dedim. Xəstəxanadan çıxandan sonra bir-iki dəfə əlaqə saxladıq. Sonra Anar hansısa klipiylə, mahnısıyla deyil, xoşagəlməz olayla gündəmə gəldi və bu olay da onun sonunu gətirdi. Anar çox ağır mənəvi zərbə aldı. Həssas, kövrək adam idi, bu zərbəyə dözə bilmədi.

Onun üçün daha sabah olmayacaq...

Şöhrətin zirvəsi, milyonların sevgisi, sonra tədricən unudulmaq, uğursuzluqlar... Bizim nəslin də ipi çözülür artıq... Anarın ölümüylə bunu bütün varlığımla hiss etdim...(milli)

Oxşar xəbərlər

Son xəbərlər