500 qram yazıb, 450 qram çörək satanlarla bağlı AÇIQLAMA
Xeberler 204

500 qram yazıb, 450 qram çörək satanlarla bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, "Bizim Market"də satılan, "Bakery" MMC-nin istehsalı olan çörəyin faktiki çəkisinin etiketdə göstərilən çəkidən az olması faktı müəyyən edilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin araşdırması nəticəsində istehlakçının çəkidə aldadıldığı müəyyən edilib.
Məsələ ilə bağlı BiG.AZ-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, çörəyin qiyməti sərbəst olmadığına görə istehsalda bu hallara yol verilir:
"Hər bir istehsal olunan malın standartı və yaxud texniki şərtləri olmalıdır. Həmin texniki şərtlərdə və standartlarda malın çəkisi, onun təsviri və s. göstərilir. Çörək biznesi ölkədə ən liberallaşmış bir seqmentdir. Kim harada, necə istəyir, istehsal edib sata bilir. Hazırkı vəziyyətdə bu işə nəzarət edən dövlət qurumu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir. Lakin onlar da bazarın bu subyektinə müdaxilə etmirlər. Əgər çörəyin etiketində, məsələn, 500 qram yazılıbsa və əslində 450 qramdırsa, bu, istehlakçıların aldadılmasıdır. Əgər texniki şərtlərində bu cür çəki qoyulubsa, bu, qanun pozuntusu deyil.
Digər bir məsələ isə sosial çörək, yaxud zavod çörəyinə dövlət orqanlarının təzyiqi məsələsidir. Əslində onların da qiyməti sərbəst olmalıdır. Zavod çörəyi istənilən qiymətə, istənilən çəkidə ola bilər. Lakin dövlət orqanları, adını çəkdiyimiz qurum onlara təzyiq göstərişi etdi. Hökümətin vəzifəsi odur ki, bazarda azad rəqabət şəraiti yaratsın, bazarda çoxlu oyunçular olsun, qiymət aşağı düşsün, keyfiyyət isə qalxsın. Sosial çörək istehsalçıları isə qırmızı xəttin üzərində işləyirlər. Əgər dövlət onlara bir az da təzyiq etsə, onlar ya bağlanacaq, ya da qiymətləri sərbəst olan çörəklərə keçəcəklər. Düşünürəm ki, hökümət bu barədə müəyyən iş aparmalıdır. Aydındır ki, çörək bu cür təzyiq altında hazırlandıqda, yəni qiymətə bu qədər təzyiq edildikdə, keyfiyyət aşağı düşər, çəki də azalar. Düşünürəm ki, hökumət bu təzyiqdən əl çəkməlidir".
Nuranə


Son xəbərlər