"Qətliam"larla ad çıxaran "Prius" probleminin həlli nədədir? - ÇIXIŞ YOLLARI
Avtomobil 230

"Qətliam"larla ad çıxaran "Prius" probleminin həlli nədədir? - ÇIXIŞ YOLLARI

Son vaxtlar ölkədə "Prius" avtomobillərinin iştirakı ilə baş verəb qəzaların sayı artmaqdadır. Bu statistika günbəgün artır. Hər gün demək olar ki, sözügedən maşınlar qəza törədir. Xüsusilə Bakıda sayı çox olan bu avtomobillərin sürücüləri qəzalı şərait yaradaraq özlərini və ətrafdakıları təhlükəyə atırlar. Onu da qeyd edək ki, bu qəzalar əsasən də taksi sürücülərinin iştirakı ilə baş verir. Bu yol qırğınının səbəbi nəqliyyat vasitələridir ya onu idarə edən sürücülər? Problemin kökündə nə dayanır?
Mövzu ilə bağlı MAY.AZ-a danışan yol nəqliyyatı üzrə ekspert İlqar Hüseynov bildirib ki, "Prius" avtomobillərinin idarə edilməsində bəzi mürəkkəb məsələlər var və bunun öhdəsindən ancaq peşəkar sürücü gələ bilər:
"Bu problemin mahiyyətində bir çox amillər dayanır. Əvvəla, regionlarda kifayət qədər işsizlik mövcüddur. Regionda işsiz qalan insanlar internet üzərindən, yaxud müxtəlif şəbəkələr üzərindən özəl sektorda fəaliyyət göstərən taksi şirkətlərinə müraciət edirlər. Regionda işsiz qalan gənclər, ümumiyyətlə sürücülük vəsiqəsi olan insanlar elan əsasında müqavilə bağlayırlar və şirkət onlara "Prius" markalı maşın verir.
Digər tərəfdən, nəqliyyatın idarə edilməsi özü də böyük bir təcrübədir. Təsadüfi deyil ki, nəqliyyat vasitəsinin şəhərin paytaxt daxilində idarə olunması ilə rayonlarda idarə olunması arasında kifayyət qədər fərqli nüanslar var. Burada qaydalar çoxdur və müxtəlifdir. İstər şəhər yol hərəkəti qaydalarında, istərsə də yol nişanlarında.
Bildiyimiz kimi, ölkədə sürücülük vəsiqəsi ilə bağlı çox ciddi problemlər yaşanır. Bir çoxlarının sürücülük vəsiqəsini vasitəçilik yolu ilə aldığı heç kəsə sirr deyil. Bununla da bəziləri yol hərəkəti qaydalarını, nişan tələblərini tam olaraq bilmədən, sadəcə sürücülük vəsiqəsini alıb gəlir və Bakıda həmin o özəl şirkətlərdə taksi xidmətinin icrası ilə məşğul olurlar. Onların heç birilə təlim-məşq keçirilmir, bilik səviyyələri test olunmur. Azərbaycanda sürücülərlə bağlı, istər taksi sürücüsü olsun, istərsə də avtobus sürücüləri, ictimai sektorda nəqliyyatla yük daşınma xidmətini həyata keçirən şirkətlər öz işçiləri üzərindən bu tələblərin heç birinə əməl etmirlər, ancaq maşınların sayını artırırlar. Burada, həmçinin, nəqliyyat vasitəsinin texniki imkanları nəzərə alınmalıdır.
Bildiyimiz kimi, "Prius"lar hibrid avtomobillərdir, elektromobildir. Nəqliyyat vasitəsinin mühərrikində də müxtəlif əvəzləmələr zamanı peşəkar sürücü bilməlidir ki, bunu necə idarə etmək olar. Yəni burada mürəkkəb məsələlər var".
Ekspert sığorta şirkətlərinin bu avtomobillərin icbari sığortasından imtina etməsinə də münasibət bildirib:
"Düşünürəm ki, sığorta şirkətlərinin bu maşınları sığorta etməmək kimi özəl qaydaları olmamalıdır. Bu, konstitusion hüquqların pozulması deməkdir. İstənilən bir sığorta şirkəti öz üzərinə öhdəlik götürüb onu birbaşa sığortalamalıdır. Azərbaycan vətəndaşı və mülkiyyət hüququna malik şəxsin sığortadan imtina cavabı alması qanuna adekvat deyil. Bunun qarşlıqlı həlli yolu tapılmalıdır və şərtlər dəyişə bilər. Amma birdəfəlik sığortadan imtina etmək sığorta olunmaq istəyən şəxsin konstitusion hüquqlarının pozulmasıdır. Əvvəl-axır bunu hər hansı sığorta şirkəti sığortalamalıdır. İstənilən halda, hər bir nəqliyyat növü sığortalanmalıdır".
İ.Hüseynov bildirib ki, əsas məsələ "Prius" avtomobillərinin düzgün idarə olunmasındadır:
"Tələbi təklif bazar yaradır. Bu gün bizdə heç bir taksometrlər qoyulmayıb. Buna görə də bazar liberaldır. Yəni taksi şirkətləri əsasən başqa ölkələrindir və onların provayderləri ilə, yazdığı proqramlarla idarə olunur. Vergini ödəyir və kilometraja görə yaxud pik saata görə istədiyi qiymətə dəyişə bilir. Tarif orada üzən məzənnə rejimindədir. Yəni bu, yolların şəhərin nəqliyyat sıxlığına görə müəyyənləşdirilir. Azərbaycanda taksi bazarında rəqabət mühiti var. Buna görə də bu bazarda tələb-təklif istinadında maşınların sayı günbəgün artır. Elə insanlar var ki, 100-200 minlik əmlakını satıb 10-20 ədəd "Prius" avtomobili gətizdirir və fiziki şəxs kimi taksi şirkətləri ilə müqavilə bağlayıb xidmət göstərmək üçün onların sərəncamına verir.
Avtomobillərin belə də artımı var. Yəni artıq bəzi fiziki şəxslər bizneslərini bu sahəyə yönəldirlər. Buradan yaranır çoxalmanın səbəbi. Ölkəyə kifayyət qədər istifadə olunmuş nəqliyyat vasitəsi daxil olur. Bu tələbatı bazar yaradır.
"Prius"lara yaranan tələb taksi bazarı ilə bağlıdır ki, bu maşınların artımına səbəb olur. Təhlükəsizlik məsələsində bilavasitə bu xidməti həyata keçirən şirkətlər də məsuliyyət daşıyır. Məsuliyyət ondan ibarətdir ki, götürdüyü işçi geyimindən tutmuş sürücülük qabiliyyətinə qədər uyğun olmalıdır. Azərbaycanda bu gün "Prius qətliyamı" adlı termin çıxıb.
"Prius"a nə olub ki? Normal avtomobildir, sadəcə yaxşı idarə etmək lazımdır. Qəzanı törədən sürücüdür. Əgər qəzaların sayı çox olursa, deməli, şirkət bilik və bacarığı olan normal sürücü işə götürmür, yaxud onları bacarığın artırılması yönündə təlimləndirmir. Kontraktorun iki tərəfi var. Biri şirkət, digəri həmin avtomobili idarə edən fiziki şəxsdir.
Digər tərəfdən, bu xidmətə nəzarət edən qurum var – Bakı Nəqliyyat Agentliyi. BNA bu şərtləri və tələbləri sərtləşdirməlidir. Bəzi taksi şirkətləri var ki, bunlara nəzarət BNA tərəfindən həyata keçirilir. Lisenziyanı da BNA verir. BNA-nın nizamnaməsində də yazılır ki, avtobuslara və taksi xidmətinə nəzarət funksiyasını dolayısı ilə həyata keçirən qurum Bakı Nəqliyyat Agentliyidir. Birbaşa isə Bakı Şəhər İcra Hakimiyyətidir".
Ekspert qeyd edib ki, "Prius" avtomobilləri ekoloji cəhətdən faydalıdır, sadəcə onların idarə edilməsində nəzarət mexanizmi yoxdur:
"Bu avtomobillərin ölkəyə gətirilməsinə məhdudiyyət qoymaq lazım deyil. "Prius" ekoloji cəhətdən faydalıdır, dünya bu gün elektromobillərdən hibridlərə doğru gedir. Sadəcə bizdə bunun təkmilləşməsi yoxdur, burada nəzarət mexanizmi qurulmalıdır. Problem odur ki, ölkədə peşə təhsil məktəbi adı formaldır, sadəcə adı var. Təəssüflər olsun ki, peşə təhsili müəssisələrində bu taksi xidmətini həyata keçirmək üçün təlim və tədris mexanizmləri, metodları olsa da, icra olunmur. Yəni peşə təhsilinə önəm vermək lazımdır. Peşə təhsilini gücləndirmək lazımdır. Ölkədə çox müasir standartlara cavab verən peşə təhsili mərkəzləri qurulmalıdır və həmin peşə təhsili mərkəzlərində bilavasitə sürücülük kursları təşkil edilməlidir ki, sürücülər taksi xidmətini həyata keçirə bilsinlər".

Son xəbərlər