23
января
2018
00:27
Boğaz ağrılarına görə diqqətli olun
Hava şəraiti ilə əlaqədar olaraq infeksiyalı boğaz ağrıları çoxalıb.
Belə şiddətli ağrılar bir müddətdən sonra keçsə də tiroid vəzlərinə təsir edərək "subakut tiroid", yəni ağrılı tiroid iltihablaşmasına səbəb ola bilər.
Medicina.az bildirir ki, bu sözləri Türkiyənin Acıbadem xəstəxanasının endokrinoloqu Bilge Ceydilek deyib. Bildirib ki, əslində bu xəstəliyin diaqnozu asan qoyulsa da, bəzən oxşar əlamətlərə görə, qrip, faringit, qulaq iltihabı ilə qarışıq salınır:
"Diaqnoz gec qoyularsa ağrılar davam edə bilər. Hətta bəzən bu hal qalıcı tiroid vəzi çatışmazlığı da yaradır. Bu səbəbdən qripdən sonra anidən udqunmada çətinlik yaşasanız, boyunun ön qismində ağrı hiss etsəniz endokrinoloqa müraciət etməlisiniz. Bu hal həmçinin insanda halsızlıq da yaradır."
Ceydilek həmçinin əlavə edib ki, bu xəstəlik qadınlarda daha çox rast gəlinir:
"Kişilərlə müqayisədə qadınlarda 3-4 qat daha çox qarşılaşırıq. Ən çox rastlanan əlaməti isə baş ağrısıdır. Bu hal get-gedə udqunmada da çətinlik yarada bilər.Çətin udqunma, şiddətli baş ağrıları, halsızlıq, yorğunluq da tiroid iltihabının əlamətləri sırasındadır. Həmçinin bəzi xəstələrdə burun axıntısı, öskürək kimi şikayətlər də müşahidə edilə bilər".
Endokrinoloq, tiroid hormonlarının həddindən çox fəaliyyəti nəticəsində ani arıqlamanın mümkünlüyünü bildirib:
"Bu vəziyyət davam edərsə, ürək döyüntüləri artar, tərləmə, əllərdə titrəmə, əsəbilik halı yarana bilər. Diaqnozu çox gec qoyulan xəstələrin yarısında isə tiroid hormon azlığı yarana bilər".