Tariximizin izi ilə: BƏRDƏ - ARAŞDIRMA - ÖZƏL
Blog 411

Tariximizin izi ilə: BƏRDƏ - ARAŞDIRMA - ÖZƏL

Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixi olan dünyanın ən qədim dövlətçilik ənənələrinə malik  xalqlarındandır. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar.
Eramızdan əvvəl I minillik - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüdrətli dövlətlər mövcud olub. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayıblar.
Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayırdılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər.
Eramızın ilk yüzilliklərindən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş - təkallahlı din yox idi. Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş - tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında - Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi. Lakin müstəqil Alban kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.
Azərbaycan Tarixini zəngin edən bir çox amillər var ki, mən deyərdim bunlardan ən başlıcası Azərbaycan şəhərləridir. Bəli ölkəmizin tarixinin ən böyük şahidləri məhz onlardır. Mənim haqqında bəhs edəcəyim Azərbaycan şəhəri də tariximizin ən qoca şahidlərindəndir. Bu şəhər Arranın anası, orta əsrlərdə şərqin incisi, Qafqaz Albaniyasının ikinci böyük şəhəri və paytaxtı olan Bərdədir.
Bərdənin qısa tarixi
Öncə onu qeyd edim ki, Azərbaycan qədim tarixə malik şəhərlər diyarıdır. Antik mənbələrdə Kür çayı sahilində 29 şəhər qeyd edilir.. Həmin şəhərlərdən biri də vaxtilə ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi – paytaxtı olmuş Bərdə şəhəridir.
Arxeoloji tədqiqatlar nəticəsində Bərdə ərazisində Kür-Araz mədəniyyətinə (b.e.ə. IV-I minilliyin əvvəlləri) aid izlər aşkar olunduqdan sonra ərazinin qədim yaşayış məskəni olması, eradan əvvəl (IV əsrdə) şəhər tipli yaşayış məskəninə çevrilməsi təsdiq edilib.
Dünyanın ən qədim insan məskənlərindən, bəşər sivilizasiyasının qədim ocaqlarından biri olan Quruçay mədəniyyətinə yaxın və Kür-Araz mədəniyyətinin mövcud olduğu regionda, Azərbaycan Albaniyasının Uti nahiyəsinin mərkəzində meydana gəlmiş qədim Bərdə şəhərinin qalıqları indiki Bərdənin 5-6 kilometrliyindədir. Həmin yerdə antik və erkən orta əsrlərdə mövcud olmuş şəhər, orta əsrlərin əvvəllərindən etibarən yerini qismən dəyişərək, indiki Bərdənin yerləşdiyi ərazidə həyatını davam etdirib. Burada bir məqama xüsusilə diqqət yetirmək lazımdır. Bərdə şəhəri Qafqaz Albaniyasının Uti vilayətində yerləşirdi. Tarixi-arxeoloji tədqiqatlarla müəyyən edilmişdir ki, Uti nahiyəsinin mərkəzində, Kür və Tərtər çayları arasında yaşayış tunc və dəmir dövründə intensiv inkişaf etmiş, burada təsərrüfatın inkişafı, sənət və ticarətin tərəqqisi nəticəsində e.ə. IV əsrdə Bərdə şəhəri yaranmışdır.
Bərdəmi? Partavmı?
Çoxları üçün tariximizin mübahisəli olduğu, antik tariximizdə qeyd edilən bir çox şəxs və məkan adlarına görə bizim olub-olmadığı barəsində çaşqınlıq yaranır. Ən əsas da bu dilemma Alban tarixiylə bağlıdır. Təəssüf ki, ölkəmizdə Alban tarixi tam şəkildə öyrənilmir və bu da mənfur düşmənlərimizin tariximizin özününküləşdirlməsinə və bəs deyilmiş kimi yenidən bizə təlqin olunmasına gətirib çıxarır. Bu gün işğal altinda olan Qarabağ bölgəsinə Arsax deyərək tarixi bəraət qazandıran ermənilər bununla kifaətlənmirlər. Misalçün
1 Qarabağ-Arsax
2 Bərdə-Partav
3 İrəvan-Dvin
3 Naxçıvan-Suenik
4 Gəncə-Ganja
5 Van-Vaspurakan
6 Ərzurum-Karin və s. deməkdən çəkinmirlər. Artıq bizə məlumdur ki, ermənilər bir şeyi kopyalamaqda çinliləri də keçiblər. Məsələ burasındadır ki, bu şəhərlər ərəb türk, latın, yunan və s. dillərdə fərqli səslənir. Lakin bu heç kəsə bu şəhərlərin tarixi adlarını özününküləşdirməyə bəraət qazandırmır. Arxeoloji materialların, yazılı mənbələrin tədqiqi ilə şəhərin qədim dövrünün tarixini öyrənmək, onun antik dövrdə mövcud olduğunu sübut etmək, ərazinin təbii-coğrafi xüsusiyyətini, həmçinin qədim şəhərin quruluşunu, adının etimologiyasını tədqiq etmək mümkün olub.
Tarixi-coğrafi baxımdan demək olar ki, Bərdə şəhəri Kür və Tərtər çayları arasında Tərtər çayının sol sahilində salınıb. Bərdə ərazisinin coğrafi təsviri haqqında ilkin məlumata yunan və latın mənbələrində – Strabonun və Ptolomeyin “Coğrafiya”sında, Böyük Plinin “Təbii tarix”ində rast gəlinir. Onu da deyim ki, bəhs etdiyim şəxlərin kitablarında heç bir məqamda, hadisədə, faktlarda erməni adına rast gəlinmir. Əksinə, Bərdənin strateji cəhətdən əlverişli, iqtisadi baxımdan inkişaf etmiş şəhər kimi erkən orta əsrlərdə Albaniyanın iqtisadi, siyasi və mədəni mərkəzinə – paytaxtına çevrildiyi barədə məlumat verilib..
Qafqaz Albanyasının qəlbi Bərdə
Bərdə şəhərinin siyasi həyatı V-VII əsrlərdə bütövlükdə Azərbaycan Albaniya dövlətində baş vermiş siyasi hadisələrlə sıx bağlı olub. Bərdə dövlətin möhkəmlənməsi uğrunda gedən mübarizənin, xarici müdaxiləçilərə qarşı savaşların, habelə daxili çəkişmələrin mərkəzində idi. Həmin dövrdə Albaniya qədim dövlətçilik ənənələrinə malik olan, bu ənənələr üzərində möhkəmlənən və öz müstəqilliyini qorumaq uğrunda gərgin mübarizə aparan Azərbaycan dövlətlərindən biri idi.
Bərdə Albaniyanın paytaxt şəhəri kimi ictimai həyatın bir sıra amillərini – hərbi-strateji, inzibati amilləri, sənətkarlıq və ticarəti, din və mədəniyyəti özündə cəmləşdirərək hərbi gücə, siyasi nüfuza, iqtisadi və mədəni əlaqələrə malik şəhərə çevrilmişdi.
Arşakilər və Mehranilərin hakimiyyəti dövründə Bərdə şəhəri
Alban tarixinin ayrılmaz parçası olan Bərdə şəhərinin tarixində Arşakilər və Mehranilərin misilsiz xirdmətləri olub. Bu dövr xüsusən qədim Bərdə şəhərində Alban katalikosluğuna bağlı kilsələlərin olması və şəhərdə xristianlığın meydana gəlməsiylə xarakterikdi.
Eramızın I əsrində hakimiyyətə gələn alban arşakiləri VI əsrə kimi – "alban mütləqiyyəti Sasanilər tərəfindən ləğv olunana və ölkə Sasani canişinlərinə verilənədək" davam gətirə bildilər. Moisey Kalankatlının təqdim etdiyi siyahıda arşakilər sülaləsindən olan on alban hökmdarının adı çəkilir: "Arandan arşakilərin böyük nəslindən olan Cəsur Vaçaqanadək ötən günlərin sayı məlum deyildi. Albaniyanı idarə edən hökmdarların adları sıra üzrə belədir: I Cəsur Vaçaqan, Vaçe, Urnayr, II Vaçaqan, Mihravan, Satay, Asay, Yesuagen, Vaçe və nəhayət, III Mömin Vaçaqan". Siyahıdan aydın olur ki, Aran arşakilərdən olmayıb; görünür, Parfiya arşakilərinin bir qolu olan bu sülalənin nümayəndələri ölkədəki yerli sülaləni əvəz edib.
Siyahıdan göründüyü kimi, Albaniyanın ilk arşaki hökmdarı e. I əsrində hakimiyyətə gələn I Cəsur Vaçaqan idi. Belə güman etmək olar ki, Vaçaqanın sələfləri olan yerli hökmdarlar Albaniyanın bütün vilayətlərinə sahib deyildilər. Məhz I Vaçaqan ölkəni birləşdirməyə və mərkəzləşmiş dövlət yaratmağa müvəffəq olmuşdu. Onun nə özü, nə də varisi I Vaçe haqqında başqa məlumat yoxdur. Urnayrın hakimiyyət illəri dəqiq məlum deyil. Moisey Kalankatlının məlumatına görə, Urnayr Sasani Şahənşahı II Şapurun (309-379), Bizans imperatoru Böyük Konstantinin (337-361), eləcə də, erməni hökmdarları III Tridatın (287-330), Tiqranın (338-345), Arşakın (345-367) və Papın (370-374) müasiri olub. Mənbələrdə onun adı ilk dəfə 313-cü ildə, alban əyanları ilə birlikdə xristianlığı qəbul etməsi münasibətilə çəkilir. Onun haqqında son məlumat 371-ci ildə baş vermiş Dzirav döyüşü ilə bağlıdır. Beləliklə, Urnayrın hakimiyyət başında ən azı 313-cü ildən 371-ci ilə kimi olduğu güman edilir.
Alban tarixçisi Moisey Kalankatlı onu "böyük müharibələrdə [sələflərinin] şanlı adına varis çıxaraq, Ermənistanın içərilərində qələbə bayrağı sancan rəşadətli ər" adlandırır.
Alban dövləti alban arşakiləri dövründə qədim Albaniyanın ənənələrini davam etdirərək, özünün heç kəsdən asılı olmayan müstəqil daxili və bəzən də xarici siyasətini yürüdüb. Bərdə şəhəri Arşakilərin dövründən başlayaraq inkişaf dinamikasına bürünmüşdü.
510-cu ildə, Sasanilər imperiyasında vəziyyət sabitləşən kimi, Sasani şahları Albaniya və İberiyada (Kartlidə) yerli hökmdar sülalələrini ləğv etdilər. I Xosrov tərəfindən keçirilən inzibati islahatlar nəticəsində Sasani imperiyasının dörd canişinliyə (kusta) bolünməsi təsdiq edildi. Bütün Cənubi Qafqaz ölkələri kimi Albaniya da Şimal canişinliyinin, Adurbadaqan – Azərbaycan da adlandırılan Qafqaz kustunun tərkibinə daxil edildi . Bu vəziyyət 628-ci ilə kimi davam etdi.
Nəhəng imperiyaların arasında öz suverenliyini əsrlər boyu qoruyub saxlayan Albaniya dövləti xüsusilə VII əsrdə qüdrətli dövlət olmuş, Cavanşirin ağıllı və çevik siyasəti sayəsində Sasani və Bizans imperiyaları, Xəzər xaqanlığı və Ərəb xilafəti Albaniya ilə hesablaşmışdır. Həmin dövrdə Albaniyanın paytaxtı Bərdə şəhəri idi. Alban hökmdarları II Vaçe, III Vaçaqan, Varaz-Qriqor, Cavanşir, Varaz-Trdat, ictimai xadimlər Viro, Nerses Bəkir, şair Dəvdək Bərdədə yaşamış və fəaliyyət göstərmişlər.
V-VII əsrlərdə maddi və mənəvi mədəniyyət baxımından Bərdədə güclü tarixi ənənə yarandı. Çoxlu elm, təhsil ocaqları yaradıldı, şəhər ölkənin mühüm mədəniyyət mərkəzinə çevrildi. Bərdədə alban əlifbası ilə tarixi və bədii əsərlər, o cümlədən Azərbaycan tarixinin günümüzə qədər gəlib çatan yeganə yazılı mənbəyi olan M.Kalankatlının «Albaniya tarixi» əsəri yazıldı. Həmçinin, müxtəlif dillərdə yazılmış xeyli sayda qədim dünyəvi və dini əsərlər alban dilinə tərcümə edildi.
Ərəblərin Arranı işğalınadək Bərdədə Sasani mərzbanlarının iqamətgahı və alban katolikoslarının patriarxlıq taxtı yerləşirdi. 654-cü ildə ərəb sərkərdəsi Həbib ibn Məsləmənin Qafqaza ikinci yürüşündən sonra Xilafətin Şimal vilayətlərinin canişini öz iqamətgahını Dəbildən Bərdəyə köçürdü. Bərdə ərəblərin Qafqazdakı canişinliyinin mərkəzinə çevrildi. Abbasilərin hakimiyyət başına gəlməsi (750) ilə Bərdənin inzibati və siyasi mərkəz kimi əhəmiyyəti daha da artır.
Təəssüf ki, 705-ci ildə ərəblər tərəfindən Albaniyanın dövlət müstəqilliyinə son qoyularaq, ərazisi Xilafətin tərkibinə qatıldı. Bərdə o dövrdə «Arran» adlandırılan inzibati-ərazi bölgüsünə daxil edilmiş, bölgənin mərkəzi şəhəri kimi fəaliyyət göstərmişdir.

VIII əsrdə Bərdə şəhəri Qafqazdan keçən ticarət yollarının üstündə yerləşən mühüm məntəqə və eyni zamanda Cənubi Qafqazın ticarət yollarının kəsişdiyi mərkəz oldu. Xilafət dövründə əmirlik mərkəzi kimi beynəlxalq ticarət yollarının üzərində yerləşməsi Bərdəni Avropanın və Asiyanın bir çox şəhərləri ilə əlaqələndirərək bu da şəhərin tərəqqisində böyük rol oynayıb. Bərdə şəhəri VIII əsrdən X əsrin ikinci yarısınadək yalnız Arranın deyil, eyni zamanda Qafqazın, habelə Yaxın və Orta Şərqin sənət və ticarət mərkəzlərindən biri, ölkənin siyasi, ictimai və mədəniyyət mərkəzi kimi tanındı.
İnkişaf etmiş orta əsrlərdə şəhər böyüyüb, ərazisi 30 kv. km, əhalisi 100 000 nəfərdən çox olub. Şəhərin antik və ilk orta əsrlərdə möhrə və çiy kərpiclə tikilmiş müdafiə istehkamını artıq bişmiş kərpiclə tikilmiş əzəmətli qala divarı əvəz etmişdi. Orta əsrlər Bərdə şəhəri yeni forma və quruluşa malik olub. İnkişaf etmiş orta əsrlərdə şəhərin ərazisi təqribən 40 hektar idi.
Bərdə orta əsrlərdə
IX əsr–X əsrin birinci yarısında Bərdə şəhəri çiçəklənmə dövrünü yaşayıb, Yaxın və Orta Şərqin möhtəşəm şəhərlərindən biri kimi məşhurlaşmışdı. Orta əsr mənbələrində Bərdə «Arranın anası» adlandırılır. X əsrin 20-ci illərində Bərdədə olmuş ərəb coğrafiyaşünas-səyyahı əl-İstəxri bir fərsəx eni, bir o qədər də uzunluğu olan bu böyük şəhər haqqında məlumat verərkən, “İraqla Xorasan arasında, Rey və İsfahandan sonra Bərdədən daha münbit torpaqlı, əlverişli mövqe tutan başqa şəhər” olmadığını bildirir. Əl-İstəxri dövründə “Fars və Xuzistanı ipəklə təchiz edən” Bərdədə sənətkarlıq və ticarətin inkişafı yalnız o dövr mənbələri ilə deyil, son illərdə şəhərdə aparılmış arxeoloji qazıntıların nəticələri ilə də təsdiq edilir.
Orta əsrlərdə Bərdədə doğulmuş, öz fəaliyyətləri, əsərləri ilə Yaxın və Orta Şərq ölkələrində tanınmış «Bərdəi» təxəllüslü böyük alimlər nəsli var idi. Onlar Bərdədə və müsəlman dünyasının böyük elm mərkəzlərində dini və dünyəvi təhsil almış, Azərbaycanda, həmçinin müsəlman dünyasının bir çox ölkələrində fəaliyyət göstəriblər. Bərdəli alimlərin arasında riyaziyyatçı, mühəndis, təbib, tarixçi, filosof, hüquqşünas, şair, hədisçi, natiq, münəccim və siyasi xadimlər olub.
Onların sırasında Əbu Səid Əhməd ibn Hüseyn Bərdəi, Məhəmməd ibn Zeyd Bərdəi, Məkki ibn Əhməd Bərdəi, Əbu Bəkr Məhəmməd ibn Yəhya Hilali əl-Bərdəi, Səid ibn Əmr Əbu Osman əl-Əzdi əl-Bərdəi, Əhməd ibn Ömər Əbu-l-Həsən əl-Bərdəi, Əbu Bəkr Əhməd ibn Harun Bərdici əl-Bərdəi, Əbu Bəkr Əbdü-l-Əziz ibn Həsən Bərdəi, Məhəmməd ibn Xalid Bərdəi, Səid ibn Qasim Bərdəi, Əbu Əli Hüseyn ibn Süfvan ibn İshaq ibn İbrahim Bərdəi, Əli ibn Əbdü-l-Əziz Bərdəi, Əbu Bəkr Məhəmməd ibn Abdullah Bərdəi, Şeyx İbrahim ibn Şihabəddin Gülşəni Bərdəi, Mühyiddin Məhəmməd əl-Bərdəi, Məhəmməd ibn Zeyd ibn Yədəhdəvayh əl-Heysəm əl-Bərdəi, Sədullah əl-Bərdəi, Qazi Məhiyəddin Bərdəi daha məşhur idi.
X əsrin 40-cı illərində (944/45) Salarilər dövlətinin tərkibində olan Bərdə şəhəri slavyanların hücumu nəticəsində dağıdıldı. Salari hökmdarı Mərzuban ibn Məhəmməd şəhərin bərpa olunmasına diqqət yetirmədiyi və qonşuluqda yerləşən Gəncə şəhəri Şəddadilərin paytaxtına çevrilməsi Bərdə şəhərinin Yaxın və Orta Şərqin mühüm ticarət və sənət mərkəzi kimi süqut etməsini sürətləndirdi. X əsrin ikinci yarısından etibarən Bərdə siyasi qüdrətini itirmişdi. Rusların yürüşündən bir neçə il sonra Bərdədə olmuş ərəb coğrafiyaşünas-səyyahı İbn Havqəl ondan əvvəl bu şəhərdə olmuş əı-İstəxrinin məlumatını təsdiq etsə də, Bərdənin hələ də ağır günlər keçirdiyini bildirir: “Ruslarla müharibə zamanından başlayaraq hakim dairələrin təzyiqi, ölkəni ağılsız adamların idarə etməsi nəticəsində vaxtaşırı baş verən və bu günədək davam edən basqınların törətdiyi dağıntılara baxmayaraq Bərdənin bazar, karvansara və hamamları çoxdur”. Əl-Müqəddəsi bu şəhərə gələrkən “onun kənarları artıq dağılmış, əhalisi azalmışdı. Bərdənin qalası isə nizamsız halda idi”.
Ərəb müəlliflərinin Bərdədə istehsal və buradan ixrac edilən mallar, eləcə də bu nahiyənin kənd təsərrüfatı məhsulları haqqında məlumatları da maraq doğurur. “Bərdənin Bab əl-Əkrad adlı darvazası yanında bazar günü açılan əl-Kurkiy adlı bazar var. O bir fərsəx uzunluğunda, bir fərsəx enindədir. Hər həftənin bazar günləri hər yerdən, hətta İraqdan belə adamlar buraya axışır. Bu, hətta Ərdəbil yaxınlığındakı Kursurə bazarından da böyükdür. Bərdənin xəzinəsi Şamda olduğu kimi came məscidindədir... Bərdə beytulmalının qurğuşundan damı, dəmir qapısı, doqquz sütunu vardır. Hökmdarın evi şəhər içində, came məscidinin yanında, bazarlar isə şəhər kənarında – rabatdadır.
X əsrin ikinci yarısı – XI əsrdə xarabalıqlar içərisində qalmış Bərdə şəhəri iqtisadi əlaqələrin və kənd təsərrüfatının inkişafı hesabına həyatını davam etdirib.
Bərdə şəhəri orta əsrlərdə ən parlaq dövrünü və tənəzzül dövrünü keçirib. Şanlı tarıxımizin kiçik bir parçası olan Bərda tarixindən bəzi mübahisəli məqamları diqətinizə çatdırıldı. Burada məqsəd bizim olanı bizlərə çatdırmaq, mənfur düşmanlarımızın əslində kimin tarixinə əsaslandıqlarını göstərməkdir. 

Son xəbərlər